“Hazırda yalnız “Sabah” barədə fikirləşirəm” – MÜSAHİBƏ

“Sabah”ın hücumçusu Xəyal Əliyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

“Qəbələ” ilə son turdakı matçda fərqlənərək komandanın üç xal qazanmasında vacib rol oynadın. Bu qolu vurduqdan sonra hisslərin necə idi?

– Çətin oyun oldu. Komanda olaraq sona kimi mübarizə apardıq. Əlbəttə, daha yaxşı oynaya bilərdik. Bunun üçün öz üzərimizdə daim çalışırıq. Artıq bu oyun başa çatıb. İndi bu görüşü unudub, qarşıdakı oyunlarımıza köklənməliyik.

– Matçın son dəqiqələrində rəqibin ləğv edilən qolu geniş müzakirələrə səbəb oldu. Bu qərar barədə sənin fikrin nədir?

– Ümumiyyətlə, dünya futbolunda bu cür müzakirələr çox olur. Hakimlər yekun qərar verən şəxslərdir. Həmin epizodda da qaydalar bunu tələb edir ki, belə qərar verilib.

– Sosial şəbəkədə “Sabah”ın mümkün çempionluğu ilə bağlı fərqli fikirlər var. Bir qism hesab edir ki, “Sabah” çempion olsa, Çempionlar Liqasında heç nə edə bilməyəcək, “Qarabağ” çempion olmalidir. Sən bu barədə nə deyə bilərsən?

– Biz yalnız növbəti oyunumuz barədə düşünürük. Hər oyunumuza qələbə üçün çıxırıq. Oyundan-oyuna öz üzərimizdə çalışır, daha da inkişaf etmək istəyirik. Sonda hansı nəticəyə nail olacağımızı mövsümün yekununda görəcəyik.

– Niyə azərbaycanlı futbolçulara xarici klublardan təkliflər olmur, ya da çox az olur?

– Ümumiyyətlə, “təklif olmur” deməzdim. Sadəcə, təklifləri necə dəyərləndirmək futbolçunun özündən asılıdır. Niyə başqa ölkələrlə müqayisədə az olur? Buna qısa cavab vermək çətindir. Fikrimcə, bununla bağlı futbol mütəxəssisləri daha yaxşı cavab verə bilər. Şəxsən məncə, bunun əsas səbəbi Avropa ölkələrində uğurlu legioner karyerası yaşayan oyunçularımızın sayının az olmasıdır.

– Sən özünü hazırda Avropada hansısa ortabab klubda çıxış etməyə hazır sayırsan?

– Məncə, hər bir futbolçu uğurlu legioner karyerası yaşamaq istəyər. Mən isə hazırda yalnız “Sabah” barədə fikirləşirəm. Bütün diqqətimi komandamın uğurlu çıxışına yönəltmişəm.

– Milli komandanın üzvü kimi, UEFA Millətlər Liqasının 2026/27 mövsümü üçün Azərbaycan millisinin püşkdəki rəqiblərini necə dəyərləndirirsən?

– Bir qədər şablon səslənsə də, bu gün Avropada zəif milli komanda yoxdur. Həmin Litva millisinin böyük yığma komandalara qarşı kifayət qədər yaxşı oyunları olub. Lixtenşteyn kimi yığmalara da maksimum diqqətli yanaşmaq lazımdır. Milliyə dəvət olunan istənilən futbolçu yığmamızın uğur qazanması üçün maksimum çalışmalıdır. Milli komandaya dəvət almaq, bu formanı geyinmək fəxrdir. Buna görə, milli komandaya dəvət alan hər bir futbolçu yığmanın uğur qazanması üçün əlindən gələni etməlidir. İnanıram ki, millimiz Millətlər Liqasında yaxşı nəticələrlə azarkeşləri sevindirəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button