“Dedim ki, sən 13 il əvvəl şəhid oğlumla şəklimizi çəkmisən” Yazı+Fotolar

Ötən ilin sentyabrında başlayan və 44 gün davam edən ikinci Qarabağ müharibəsində idman yazarı, futbol məşqçisi Vüqar Məmmədovun oğlu Ülvü Məmmədov şəhid olub.

23 yaşlı Ülvü Xocavənddə düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub. Atası Vüqar Məmmədovla şəhid oğlunun xarakteri və onun döyüş yolu barədə söhbətləşdik. Komanda.az saytındakı müəllif yazıları ilə də tanınan Vüqar bəy, mərhum övladının sülhsevər olduğunu, özündən çox yanındakını düşündüyünü deyir:

“Ülvü xaraktercə sülhsevər uşaq idi. Məsələn, uşaq vaxtı kiçik qardaşı ona sataşanda baş qoşmurdu ki, balacadır, zərər yoxdur. Özündən çox yanındakı yoldaşını düşünürdü. Balaca vaxtı, hətta danışmayanda, ağzına yeməyi aparmamışdan qabaq birinci yanındakına uzadırdı. Hərbi komissarlıqdan çağırış vərəqəsi gələndə Bakıda idi. İşini təzə dəyişmişdi, nisbətən rahat işə keçmişdi. Əməkhaqqı da yüksəlmişdi. Bu işi öyrənmək üçün o, hardasa 7-8 ay işdən sonra orda qalırdı. Təzə işi öyrəndiyindən, yanvardan bəri rayona da gəlmirdi. Nəhayət, yeni işinə keçəndən sonra dedi ki, qoy bir az işdə möhkəmlənim, məzunuyyət götürüb gələcəm. Az müddət sonra komissarlıqdan çağırış vərəqəsi gəldi. Bizə bildirdilər ki, təlimlərə çağırılır. Mən də ona zəng vurdum. Gəlib bir neçə saat evdə qaldı, sonra da qohum-əqrəba ilə sağollaşıb getdi. Şəhid olandan sonra bölük komandiri, döyüş yoldaşları gəlmişdi. Komandiri onu ən intizamlı əsgərlərdən biri kimi xarakterizə etdi. Deyirdi ki, bəzən elə əsgərlər olurdu, döyüşə getmək istəmirdi, amma Ülvü heç vaxt belə olmayıb. Nə vaxt, hara lazım idisə, çəkinmirdi. Döyüş yolu isə Füzulidən başlayıb, sonra Cəbrayıl, daha sonra Xocavəndə qədər olub. Sentyabrın 21 də çağırılmışdı, düz bir ay sonra, oktyabrın 21-də şəhid oldu”.

Sosial şəbəkədə müharibənin əleyhinə yazılar yazan Vüqar Məmmədov, oğlunun müharibədə şəhid olmasının fikirlərinə çox da təsir etmədiyini deyir. Şəhid atası bildirir ki, onda müharibə haqda düşüncə oxuduğu kitablardan, izlədiyi filmlərdən sonra formalaşıb:

“Düzü, oğlum şəhid olandan sonra mən daha çox bunun acısını çəkirdim. Başqa bir şey barədə düşünmək istəmirdim. Bir cümlə ilə “mən müharibənin əleyhinəyəm” yazsam, düzgün başa düşülməz. Niyə müharibənin əleyhinəyəm, bunu ətraflı izah etmək lazımdır. Bu barədə geniş yazım olacaq. Yalnız qısaca deyim ki, bu nəticəyə mən uzun müddət düşündükdən, təhlillər apardıqdan sonra gəlmişəm. Müharibəyə aid xeyli kitab oxumuşam və xeyli filmə baxmışam. Nəhayət, müharibənin nəticəsini öz üzərimdə də hiss etmişəm. Oğlumun şəhid olmasını nəzərdə tuturam. Müharibə haqqında fikrim dəyişməzdir”.

Ülvü Məmmədovun əmisi Elşən Məmmədov uzun illərdir idman mətbuatında çalışır, atası Vüqar bəy də bu sahədə müxtəlif yazıların müəllifidir. Şəhid Ülvü isə atası və əmisindən fərqli olaraq, idmana çox da maraq göstərməyib. Ülvü heç vaxt arzularından danışmasa da, atası onun böyük potensiala sahib bir gənc olduğunu bildirir:

“Ülvü uşaq vaxtından müxtəlif idman növləri ilə məşğul olub. Kikboksla, futbolla… Fitness zalına gedirdi. Amma bir qədər səbirsiz uşaq idi. Bir işlə uzun müddət məşğul olmurdu. Onun böyük potensialı var idi. Daha çox sülhsevər uşaq idi. Komandirinin sözləri indi də yadımdadır: “Evinə gəldiyimə görə demirəm, Ülvü mənim ən yaxşı əsgərlərimdən biri idi”. Düzü, buna özüm də təəccübləndim. Çünki qeyd etdiyim kimi, o, daha çox sülhsevər uşaq idi. O, müharibədə verdiyi faydadan qat-qat artığını dinc şəraitdə verə bilərdi. İşi də “rels”ə düşmüşdü. Onun bu sahədə irəliləyəcəyinə və yaxşı bir menecer olacağına əmin idim. Onun iti zehni var idi. Uşaq vaxtı da dərslərini yaxşı oxuyurdu. Sonra futbol oynamaq üçün “playstation” aldım, bəlkə də bu, onun dərslərindən soyumasına səbəb oldu. Ülvü Ronaldonun və İspaniyanın “Real” klubunun fanatı idi. Kompüter oynayanda da bu komanda ilə oynayırdı, əksər hallarda məni də, kiçik qardaşını da udurdu. 2013-cü ildə Portuqaliya yığmasının Azərbaycanla oyunu var idi. Ülvünün Kriştiano Ronaldonu görməsi üçün bir neçə gün əvvəldən gedib oyuna bilet aldım. Ronaldo isə əvvəlki oyunda bilərəkdənmi, ya bilməyərəkdənmi Azərbaycanla görüşü buraxmağa səbəb olan sarı vərəqəni aldı. Nəticədə oyuna çıxmadı. Amma mən bilet almışdım və uşaqları da götürüb oyuna getdim. Bakıya gündüzdən gəldik və şəhəri bir xeyli gəzdik. Oyuna az qalmış stadiona gəldik. Girişdə bayraq satılırdı. Uşaqların hərəsi üçün bir bayraq aldım. Sonra qardaşım Elşən də gəldi. Elşən uşaqların şəklini çəkdi. Həmin gün Ronaldosuz Portuqaliya yığması Azərbaycanı 2:0 hesabıyla məğlub etdi. Sonradan çəkilən şəklə baxanda gördüm ki, Ülvü bayrağı boğazına dolayıb. O şəkil indi də durur. Düzü, onun bayrağı boğazına dolamağı məni bir qədər narahat etdi və bunu yaxşı əlamət kimi yozmadım. Sonra o bayraqları büküb evdə saxladıq. Bu gün həmin bayraqlardan biri Ülvünün qəbrinin üstündə dalğalanır. Narahatlığım əbəs deyilmiş. Görünür, qismət deyilən bir şey varmış. Uşaqlıqda boynuna doladığı bayraq uğrunda qurban getdi və bu bayraq indi onun qəbri üstündədir. Bayraq demişkən, müharibə zamanı Ülvügilin bölüyü növbəti yüksəkliyi aldıqdan sonra həmin yerdə post qurublar. Boyunun uca olmağına görə, düşmən bəlkə də, onu komandir zənn edib və snayperlə vurub. Bölük komandiri deyirdi ki, “Ülvü vurulandan sonra bayraq onun üzərinə sərilmişdi. Nəşini aparanda tapşırdım ki, bayrağı saxlayın. Həmin gecə Ülvünün vurulduğu yüksəkliyə hücum etdik və oranı aldıq. Ülvünün üstünə sərilmiş həmin qanlı bayrağı bu yüksəkliyə sancdıq”.

Bəzən şəhid olanların daha əvvəldən bunu hiss etdiyi deyilir. Ülvü şəhid olacağını hiss etməsiylə bağlı ailəsiylə danışmasa da, sosial şəbəkədəki paylaşımlarına nəzər salanda, əvvəlcədən bunu hiss etdiyini deyə bilərik. Vüqar bəyin sözlərinə görə, Ülvü əsgər yoldaşları ilə söhbətləşəndə tez-tez şəhid olacağını deyirmiş:

“Ülvü gedərkən maaş kartının kodunu mənə atdı ki, pulumu alarsan. Mən də dedim ki, gəlib özün alarsan. O da cavab vermədi. Müharibə yoldaşlarının sözlərinə görə, tez-tez deyib ki, mən şəhid olacam. Ümumiyyətlə, insan psixologiyasına az-çox bələd olan biri kimi deyə bilərəm ki, bu tip adamlar həmişə həyatın mənasını axtarırlar və ölümə meyilli olurlar. Bəzən şüurlu, bəzən də şüuraltı. Ülvü heç vaxt hisslərini büruzə verməyib. Bəlkə, bilib ki, o belə danışanda mənim acığıma gəlir, ona görə… Amma şəhid olandan sonra beş-altı il əvvəl yazdığı statusları oxuyanda (bunları səhifəsində məndən gizlətmişdi) və ölümündən az əvvəl “tik-tok” paylaşımlarını görəndə şoka düşdüm: “Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir”, “Torpaqdan gəldik, torpağa gedəcəyik, mühüm olan palçığa bulaşmamaqdır” və s. “Tik-tok”da isə ölümə aid şeir deyir və həsrətdən mahnı oxuyur. Öz səsi ilə yox, fondan səs gəlir və buna uyğun dodaqlarını tərpədir. Sizə bir hadisəni də danışım. Ülvünün on yaşı olanda Bakıya gəlmişdik. Onunla dəniz kənarında xeyli gəzdik. Ülvi müxtəlif attraksionlarda və karusellərdə əyləndi. Deyə bilərəm ki, hər ikimiz üçün ən xoşbəxt günlərimizdən biri idi. Sonda dedim ki, bir şəkil çəkdirək. Fotoqraf yeniyetmə oğlan idi. Ləhcəmdən başa düşdü ki, qubalıyam. Dedi ki o da qubalıdır, atası da birinci Qarabağ müharibəsində şəhid olub. Əmisi də futbol hakimi və hakim-inspektoru Akif Əliyevdir. Mən kifayət qədər həssas adamam. Uşaqlıqdan, bəlkə də, körpəlikdən atasız qalan bir insanın ata-oğulun bir yerdə şəklini çəkərkən hansı hisslər keçirəcəyini başa düşürdüm. Amma həmin an artıq gec idi. İmtina etmək olmazdı. Düşündüm ki, ən azı ona maddi cəhətdən xeyir verirəm. Beləliklə, şəhid oğlu gələcəkdə şəhid olacaq uşağın atası ilə birlikdə şəklini çəkdi. Həmin şəkil indi evin Ülvüyə aid xatirə guşəsindədir. Bu yaxınlarda YAŞAT fondundan gəlib problemlərimizlə maraqlanırdılar. Bir neçə nəfər idi, o cümlədən fotoqraf da var idi. Fotoqraf barədə mənə dedilər ki, atası birinci Qarabağ müharibəsinin şəhididir. Ondan soruşdum ki, Bakıda bulvarda fotoqraflıq etməyib? Təsdiq cavabı alandan sonra bildim ki, bu həmin fotoqrafdır. Dedim ki, sən 13 il əvvəl şəhid oğlumla şəklimizi çəkmisən. Həmin şəkli ona göstərdim. O, şoka düşmüşdü. Mənə hansısa sənədə qol çəkdirdilər, həmin fotoqraf da bu vəziyyətdə şəklimi çəkdi və həmin şəkil YAŞAT-ın “instagram” səhifəsində yayımlandı”.

Vüqar Məmmədov deyir ki, şəhid oğluna görə ona hər yerdə hörmət edirlər. Amma o, bu cür istəmirmiş…:

“Biz daha çox qismətdən danışdıq. Amma təsəvvür etməzsiz ki, bu itki mənə, anasına, qardaşına və başqa qohum-əqrəbamıza nə qədər ağırdır. Ülvü son zamanlar xeyli planlar qururdu, arzuları var idi. Mən hər dəfə öz keçmişimə baxıb təhlil edirdim ki, bu yaşa gəlib həyatda nə əldə etmişəm? İş belə gətirib ki, aldığım tərbiyədənmi, ya sovet dövrünün təsirindənmi, daha çox maddi yox, mənəvi məsələlərin axtarışında olmuşam. Bəzi şeyləri dərk edəndə gec olduğunu gördüm. Bu səbəbdən, daha çox övladlarıma başa salırdım ki, mənəviyyatca təmiz olmaq lazımdır, ammı maddi yönləri də unutmaq olmaz. Həyat həm də maddiyyat üzərində qurulub. Beləliklə, onların mükəmməl biri olmaları üçün çalışırdım və demək olar ki, buna nail olmuşdum. Yalnız övladlarıma baxanda sevinirdim ki, onlar nə qədər ağıllı, tərbiyəlidirlər. Həmişə də qürrələnirdim ki, mənim ən yaxşı investisiyam övladlarımdır. Bəlkə də, həyatda yeganə fəxr elədiyim bu idi. Əmin idim ki, övladlarım böyüyəcək və özləri üçün də, mənim üçün də hər şey edəcək. Bu gün Ülvü şəhidliyi ilə mənim üçün hər şey etdi. Şəhid övladıma görə mənə hər yerdə hörmət edirlər, lakin mən bu cür istəmirdim”.

2020-ci il oktyabrın 21-də şəhid olan Ülvü Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad edilməsinə görə” medalı ilə təltif edilib. Məmmədov Quba rayonunun Alekseyevka kəndində dəfn olunub.

Allah rəhmət eləsin!