Reytinq: Azərbaycan millisi 5 pillə irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, ötən dəfə açıqlanan reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 5 pillə irəliləyib. Canni De Byazinin rəhbərlik etdiyi komanda 1180 xalla 109-cu pillədə qərarlaşıb.

Azərbaycan yığması noyabrda 1 yoxlama, 2 rəsmi oyuna çıxıb. Millətlər Liqası çərçivəsində Monteneqro və Lüksemburqla qolsuz bərabərə qalan milli, Sloveniya ilə yoldaşlıq matçında da meydanı “sülh”lə tərk edib – 0:0.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.