Elxan Məmmədovun oyunları – Baş katib Zaur Axundovu həmişə “dartıb”

Azərbaycan kubokunun yarımfinalında keçirilən qalmaqallı “Zirə” – “Keşlə” oyunu ilə bağlı bu gün sosial şəbəkədə, elə Komanda.az saytında da yayımlanan videodan da göründüyü kimi, matçın baş hakimi meydan sahiblərinin futbolçusu Lazar Corceviçi haqsız yerə qovaraq, penalti təyin edib.

Axundov sizin alnınızdan öpür!

Bir sözlə, “Zirə”ni kubokun finalına çıxmaqdan mərhum edən “Keşlə” yox, baş hakim Elçin Məsiyev və ona həmin epizodda nə etməli olduğunu qulaqcıqla deyən şəxs (həmin adam Hakimlər Komitəsinin sədri Frits Stuxlik də ola bilər, AFFA-nın baş katibi Elxan Məmmədov da, “Keşlə”nin prezidenti Zaur Axundov da) oldu. Məsiyev və köməkçiləri həmin gün meydana “Keşlə”ni kubokun finalına daşımaq tapşırığı ilə çıxmışdı. Tapşırığın öhdəsindən gəldilər də. Əhsən! Zaur Axundov sizin alnınızdan öpür! Axundovun Məsiyevin alnından öpmək üçün tam haqqı var. Bu mövsüm Elçin Məsiyev Axundovun komandasını dəfələrlə meydana çıxarıb, əksəriyyətində də sevindirib. Dəhşətli statistikadır, baxaq:

  • “Keşlə” Premyer Liqada 24 oyun keçirib, bu matçların 1/4-də, yəni 6-da Elçin Məsiyev baş hakim olub.
  • Çemponatda ümumilikdə 11 hakim oyun idarə edib, onlardan 3-nün (Kamal Umudlu, Rəhim Həsənov, Orxan Məmmədov) yolu nədənsə, ümumiyyətlə, “Keşlə”ylə kəşişməyib.
  • Elçinin idarə etdiyi oyunlarda 2 qələbə qazanan “Keşlə” 3 heç-heçə edib, 1 dəfə uduzub. “Keşlə”nin 9 məğlubiyyətindən yalnız 1-nin Məsiyevin oyununa təsadüf etməsi çox maraqlıdır. Komanda indiyədək 4 qələbə qazanıb və onun da tən yarısını bu hakim qeydə alıb.
  • Mövsümdə 23 xal qazanan “Keşlə” bu xalların 9-nu, yəni 39 faizini Məsiyevin sayəsində əldə edib. Daha 2 xal Elçin 4-cü hakim olarkən reallaşıb – bunu da hesablasaq, Elçinin “Keşlə”nin qazandıqlarının tən yarısına şahid olduğunu görərik!

Ruslar demişkən, “vot”!

Elxan Məmmədovun “qara siyahı”sındakı klublar

Məsələ “Neftçi”nin baş məşqçisi Samir Abasov, “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov, ya da “Keşlə”nin “sükanı arxasındakı” Sənan Qurbanov deyil. Bu məşqçilər kifayət qədər bacarıqlıdırlar, çempionata rəng qatırlar. Xüsusilə, Ayxan Abbasovla Samir Abasov. Məsələ idman və gənclər naziri olmaq istəyən, Azad Rəhimovun tez ölməsi üçün dinə-imana gəlib dualar edən Elxan Məmmədovun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova yönəlik bitib-tükənməyən nifrətidir. “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov da Qurbanovun yaxın dostu, belə deyək, ən layiqli davamçısı olacağına inanılan məşqçidir. Məndə olan məlumata görə, Rəşad “Zirə”yə gələnədək Elxan Məmmədov onunla bir neçə dəfə görüşüb, müxtəlif vəzifə təklifi və vədlərlə öz tərəfinə çəkməyə çalışıb. Amma Sadıqov Qurban Qurbanovu satmayıb. Qurban Qurbanova və Rəşad Sadıqova olan kini Məmmədovu öz kadrları hesab olunan “Sumqayıt”ın prezidenti Riad Rəfiyev və “Neftçi”yə rəhbərlik edən Kamran Quliyevlə daha da yaxınlaşdırır. Zaur Axundov isə artıq uzun illərdir Elxan Məmmədovun dostudur, can deyib, can eşitdiyidir.

Bütün bunlar Premyer Liqada, kubokda aranı qatır, qarşıdurmalara səbəb olur, hakimlər Elxan Məmmədovun killeri rolunu oynamağa məcbur edilir. “Neftçi”, “Sumqayıt”, “Keşlə” rəhbərliyinə yayda avrokuboklara getmək vədi verilibsə, bu, olacaq, nə olur olsun, olacaq. “Neftçi”ylə oyunda “Sabah”ın üç futbolçusu “qırmızı”, vərəqə limitində olan iki oyunçusu isə “sarı” alaraq, “Sumqayıt”la görüşə çıxa bilməyəcək. Beş əsas futbolçu! Bilirsiz bu nə deməkdir? Komandanın yarısı. Niyə? Rəfiyevin “Sumqayıt”ı avrokuboka getməlidir, Zaur Axundovun “Keşlə”si Avropaya çıxmalıdır. Rəşad Sadıqovlu “Zirə”nin taleyi isə sual altına düşməlidir. “Sabah” isə kurasiyasında olduğu deyilən nazirə görə çoxdan AFFA-da “qara siyahı”ya salınıb.

Azərbaycan futbolunda çox iyrənc oyunlar oynanılır və bu oyunların ilhamverici, ideya daşıyıcısı da Elxan Məmmədovdur. Azərbaycanda futbol oyunlarının ədalətli və şəffaf keçməsində daha çox məsuliyyət daşımalı olan adam!

Ağılsız və vicdansız mübarizə

Qurban Qurbanov dəyərdir. Qurban Qurbanov həmin Samir Abasovun, Ayxan Abbasovun məşqçi kimi yetişməsində AFFA-dan, Elxan Məmmədovdan milyon dəfə çox iş görüb. Qurban Qurbanov yerin dibinə batan Azərbaycan futbolunu illərlə öz üzərində işləyərək, inkişaf edərək dartıb yerin dibindən çıxarıb. Qurban Qurbanov komandası Çempionlar Liqasının qrup mərhələsində oynayan mütəxəssisdir. Qurban Qurbanovun “Qarabağ”ı rüsvayçılıqdan başqa, heç nəyə imza atmayan Azərbaycan millisindən fərqli olaraq hər il avrokubokların qrup mərhələsində oynayır, azərbaycanlı azarkeşlərə tutunmağa bir ümid, sevgi, sevinc verir.

Rəşad Sadıqov da AFFA-nın baş katibinin vədlərinə, təkliflərinə əhəmiyyət verməyib, milli komandalardan hansındasa (ya da Elxan Məmmədovun klublarından birində) işləmək istəməyibsə, onu belə cəzalandırmaq əxlaqsızlıqdır. Qurban Qurbanova olan nifrətə Sadıqovu da şərik etmək əbləhlikdir. Elxan Məmmədovun birbaşa cavabdehlik daşıdığı milli komandaların biabırçı oyunlarının fonunda “Qarabağ” qaranlıq tunelə işıq salan tək ümid yeridirsə, Rəşad Sadıqov iddiası, öz üzərində işləməsi, özünə hörmətiylə müəllimi Qurban Qurbanovun davamçısı olmaga ən layiqli namizəddirsə, onları baltalamaq, qarşılarına zaur axundovları, kamran quliyevləri, riad rəfiyevləri, elçin məsiyevləri çıxarıb, yollarına daş qoymaq lazımdır? Ayıbdır, Elxan Məmmədov, ayıbdır, Zaur Axundov, ayıbdır, Kamran Quliyev, ayıbdır, Riad Rəfiyev. Utanın, xəcalət çəkin. Gör, mübarizənizi necə aparırsız, bu mübarizənizə kimləri alət edirsiz. Ağlı və vicdanı olan hər kəs sizin nə etdiyinizi, nə etmək istədiyinizi bilir – ağılsız və vicdansız mübarizə apardığınızı.

Uğur