“Qarabağ”ın müdafiə xəttində problemlər gördük” – Botka

“Slovakiyada “Slovan”a qarşı oynadığımız futbolu Bakıda da təkrarlamaq istəmirdik. Bilirdik ki, burada ağıllı oynamalı və nəticəyə fikir verməliyik”.

Komanda.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, bunu “Ferentsvaroş”un futbolçusu Endre Botka Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

27 yaşlı müdafiəçi Budapeştdəki cavab oyununda qalib gəlməli olduqlarını bildirib:

“Hesabda önə çıxsaq da, təəssüf ki, “Qarabağ” dönən topdan sonra hesabı bərabərləşdirə bildi. Komandamızın bütün üzvləri matça köklənmişdi. Rəqib futbolçular hücumda çox güclü oynasalar da, onların müdafiə xəttində problemlərin olduğunu gördük. Cavab görüşündə bundan yararlanmalıyıq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istədiyimiz üçün ev oyununda qalib gəlməliyik”.

Botka Bakıdakı havadan da şikayətlənib:

“Ümid edirəm ki, Macarıstanda həmin vaxt hava daha əlverişli olacaq, o qədər də bulanıq olmayacaq və bədənimizə bağladığımız hiroskopdan tüstü çıxmayacaq”.

“Ferentsvaroş”la “Qarabağ” arasında cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.