“Qarabağ” üçün unikal fürsət – Bu yolla getməlidir ki…

Ardıcıl 9 il avrokubokların qrup mərhələsi. Belə nailiyyətə büdcəsi 100-200 milyon avro olan klubların əksəriyyəti həsəd aparır. Elə götürək Türkiyə klublarını. Nə “Qalatasaray”, nə “Fənərbaxça”, nə də “Beşiktaş” belə uğuru heç vaxt əldə etməyib. Elə Avropada da xeyli adlı-sanlı komanda var ki, “Qarabağ”ın qazandığı nəticəni əldə etməyin nə qədər çətin olduğunu bilir. Həqiqətən də çətindir. Xüsusən də, bataqlığı xatırladan Azərbaycan futbolunda. Qeyri-peşəkarların, korrupsioner-oliqarxların inhisarında olan bir futbol təsərrüfatında “Qarabağ” kimi komanda olmamalıdır. Olubsa, deməli, bu komandanı yaradanların dəyəri verilməlidir. Böyük səbr, zəhmət tələb olunur. Üstəlik də, qeyri-peşəkarların futbolun inkişafını əngəlləyən qərarları ilə mübarizə aparmalı olursan.

Azarkeş istəsin, amma…

Və “Qarabağ” artıq brendə çevrilib. Bundan sonrası lap çətin olacaq. Artıq azərbaycanlı azarkeş də o azarkeş deyil. Dünənə qədər məğlub sindromu ilə yaşayan azarkeş idi. Onun üçün fərqi yox idi Azərbaycan komandası kiminlə qarşılaşır, əmin idi ki, məğlub olacaq. İndi isə həmin azarkeşdə qalib ruhu formalaşıb. İndi Polşa, Macarıstan, İsveçrə çempionlarının məğlub edilməsinə qane olmur, “Atletiko”, “Çelsi”, “Barselona” üzərində qələbə görmək istəyir.

İstəsin, azarkeş reallığı nəzərə almır, hissinə sitayiş edir. Ancaq bu o demək deyil ki, “Qarabağ” da bu hisslərin təzyiqinə boyun əyməlidir. “Köhlən atlar”ın məqsədi nə olmalıdır, hansı yolu getməlidirlər?

Yadınıza “Rubin”i salın

Doğrudanmı “Qarabağ”ın əsas hədəfi büdcəsi az qala bir ölkənin büdcəsinə bərabər olan “Barselona”, “Real”a qalib gəlmək olmalıdır? Yaxşı, “Qarabağ” bu komandalara bir dəfə qalib gəldi, sonra? Yadınıza “Rubin”i salın. “Barselona”ya, səhv etmirəmsə, qrup oyunlarında iki dəfə qalib gəldi. İndi haradadır o “Rubin”? Rusiyanın birinci divizionunda.

Deməyim odur ki, “Qarabağ” heç vaxt “Real”, “Barselona”, “Mançester Siti”, “Liverpul” olmayacaq. Bu komandaların arxasında nəhəng futbol biznesi dayanır. İngiltərə Premyer Liqasında yayım hüququ az qala 5 milyard avroya satılır.

Azərbaycan şərtlərində sanballı rəqəm

Deməli, azarkeşin “tırka”sını, yəni təzyiqini qoyaq bir tərəfə. Görək “Qarabağ” hansı yolu seçməlidir ki, daha da böyüsün. Onu da deyim ki, böyümək üçün ilk növbədə maliyyə imkanların artmalıdır. Azərbaycan çempionatında pul qazanmaq mümkün deyil. Ümid qalır avrokuboklarda iştiraka. Burada da ancaq qrupa düşməlisən ki, büdcənə sanballı məbləğ daxil olsun.

Və “Qarabağ” artıq neçə illərdir ki, özü-özünü dolandırır. İndi isə başqa vasitələrlə də pul qazanmaq lazımdır. Məsələn, biri elə futbolçu satışı. “Qarabağ”a diqqət artırsa, deməli, onun futbolçularına da maraq yaranır. İbrahima Vadjinin satışından əldə olunan gəlir Avropa standartları üçün o qədər də böyük deyil. Amma Azərbaycan şərtlərində sanballı rəqəmdir.

Artan nüfuzu biznesə çevirmək

“Qarabağ” üçün unikal imkan yaranıb. Bundan sonra “köhlən atlar” skaut fəaliyyətini daha da genişləndirməlidir. İndi ağdamlıların Afrika, Cənubi Amerika ölkələrində skautları olmalıdır. Həmin ölkələrdən gənc və perspektivli futbolçular alınmalı, burada onların inkilşafı təmin edilməli və daha sonra Avropa klublarına satılmalıdır.

“Qarabağ”a gələn futbolçuların burada inkişaf etdiyi isə şəksizdir. Zədəli Reynaldodan üzü bəri buna şahidlik edirik. Vadji də burada parladı, heç kimə lazım olmayan Kadi Borgesdən indi bütün Avropa danışır. Bu o deməkdir ki, “Qarabağ”da inkişaf üçün sağlam mühit var.

“Qarabağ”ın Avropada artan nüfuzunu biznesə çevirmək üçün ilk növbədə istedadlı gənclərin transferi həyata keçirilməlidir. O gənclərin hər birinin yaxşı pul qazandıracağını iddia etmirik. Amma aralarında eləsi olacaq ki, böyük miqdarda gəlir gətirəcək.

O “zəncir” Azərbaycanda da qurulmalıdır

Dünyanın əksər ölkələrində 2-3 böyük klub var. Məsələn, Portuqaliya, Niderland, Şotlandiyada. Orada digər klublar da “böyüklər”ə işləyir. Yəni onlar istedadlı futbolçularını, deyək ki, “Portu”, “Benfika”, “Seltik”, “Reyncers”, “Ayaks”a satır. “Böyüklər” də onları daha da cilalyıb Avropanın nəhənglərinə göndərirlər. Beləcə, biznes zənciri formalaşıb Avropa ölkələrində. O “zəncir” Azərbaycanda da qurulmalıdır. “Zirə”nin, “Sabah”ın istedadlı futbolçusu “Qarabağ”ın diqqətini cəlb etməli, onları almalıdır “köhlən atlar”. Sonra da inkişaf etdirib Avropa klublarına satmalıdır.

Hələ ki, Azərbaycan klubları perspektivli gəncləri cəlb etməyin yolunu bilmirlər. Ya da o gənclər bura gəlmək istəmirlər. Amma “Qarabağ” artıq brenddir. Skaut işini təkmilləşdirə bilsələr, bu fürsətdən yararlanar və yaxşı da pul qazanarlar. Pul isə pul gətirər, böyüdər klubu. “Qarabağ”ın yolu “Benfika”nın, “Sportinq”in, “Reyncers”in getdiyi yol olmalıdır. Onda sabitlik də olacaq, inkişaf da.

Natiq Muxtarlı

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button