Cavid Hüseynov: “Yaxın günlərdə heyət tam komplektləşəcək”

“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, o, yeni mövsümə hazırlığın birinci mərhələsinin başa çatdığını xatırladıb:

“Hədəfimiz yaxşı komanda formalaşdırmaq və mümkün qədər yuxarı pillələr uğrunda mübarizə aparmaqdır. Əvvəlcədən də bildirmişdik ki, hazırlıq prosesi üç mərhələdən ibarət olacaq. Bu mərhələdə daha çox fiziki hazırlığa yer ayırdıq. Təbii ki, bir yoxlama oyunu keçirməyi də planlaşdırmışdıq. Əvəzedici komanda ilə oyun planın tərkib hissəsi idi. İstədik ki, futbolçular məşq prosesində çalışdığımız bəzi taktiki tapşırıqları oyunda bizə qaytarsınlar. Onların verilən tapşırıqları necə qəbul etdiklərini praktiki yoxladıq. Əlbəttə, belə oyunlarda hesab önəmli olmur. Ümumi götürsək, hər şey planlaşdırdığımız kimi keçdi”.

Hüseynovun sözlərinə görə, oyunçulardan tam razı qalmayıblar:

“Təbii ki, hazırlıq yeni başlayıb və indiki məqamda onların hzırlıq səviyyəsindən tam razı qala bilmərik. İndiki məqamda dediklərimizi bizə olduğu kimi qaytaracaqlarını gözləmirdik. Həftəlik hazırlıq dövründə məşqlərdə üzərində çalışdığımız taktiki tapşırıqlar var idi ki, onları praktikada yoxlamağa çalışdıq. Oyunu analiz edib, səhvləri göstərəcəyik ki, növbəti görüşlərdə bunu təkrarlamasınlar”.

Baş məşqçi transfer çalışmalarını 90 faiz icra etdiklərini vurğulayıb:

“Bəzi mövqelər var ki, oranı gücləndirmək istərdik. Yaxın günlərdə heyət tam komplektləşəcək”.

Mütəxəssis “İmişli”yə qarşı keçirəcəkləri növbəti yoxlama oyununa toxunub. O, mövsümün 1-ci turunda məhz bu komanda ilə qarşılaşacaqlarını xatırladıb:

“Elə də sıxıntılı məqam yoxdur. Püşkdən sonra rəqiblə yenidən danışdıq və onlar da oyunun keçirilməsində hansısa problem görmədiklərini dedilər. Bu görüşdə də çalışacağıq futbolçuları iki 45 dəqiqədə yoxlayaq. Taktiki planda müəyyən tapşırıqlar olacaq. Yenə deyirəm, belə oyunlarda nəticə yox, meydanda görəcəyimiz iş vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button