
Vernidub: “Dinamo” ilə oyuna çox yaxşı hazırlaşmışıq”
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Dinamo” (Minsk) ilə baş tutacaq oyundan öncə bu gün “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, ukraynalı baş məşqçi qarşılaşmadan öncə bunları söyləyib:
“Mənim bir arzum var ki, “Neftçi” 90-cı illərdəki kimi çempion olsun, çünki komanda buna layiqdir. Mənim üçün də bir ilkdir, mən bu liqada heç çalışmamışam.
Sabahkı oyunda da əlimizdən gələni edəcəyik, çox yaxşı hazırlaşmışıq.
Yeni transferlər üzərində işləyirik. Bu, asan proses deyil. Heyətimizə yeni oyunçular qoşulacaq. Hazırkı heyətin yekun variant olduğunu deyə bilmərik. Yaxşı başa düşürük ki, güclənməyə ehtiyacımız var. Transfer pəncərəsinin bağlanmasına hələ vaxt var və bu istiqamətdə işlərimizi davam etdiririk. Komandanın özülü formalaşıb. Bununla belə, bəzi mövqeləri daha da gücləndirməliyik ki, qarşıya qoyduğumuz hədəflərə çata bilək. Rəhbərliklə daim əlaqədəyik. Komandaya yalnız bizi gücləndirəcək futbolçuların cəlb olunmasını istəyirik.
Hər şey yaxşı olanda hamı səni sevir, lakin əksi olanda hamı sənə nifrət edir. Necə deyərlər, məhəbbətdən nifrətə bir addım yol var”.
İyulun 22-də “Palms Sports Arena”da baş tutacaq “Neftçi” – “Dinamo” matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin



