Ən cəsarətli və ən döyüşkən olmaq istəyən “Qarabağ”ın problemləri

“Qarabağ”ın uzun illər Azərbaycan futbolunda davam edən hegemonluğuna bu mövsüm “Sabah” son qoydu. Mövsümə UEFA Çempionlar Liqasında uğurlu çıxışla başlayan “köhlən atlar”, eyni anda üç “cəbhə”də mübarizə aparırdı və Avropanın ən nüfuzlu klub turnirində tarixində ilk dəfə pley-off mərhələsinə qədər irəliləməklə diqqət çəkməyi bacardı.

Transfer bazarında tez-tez “xəsislik”də ittiham olunan Ağdam təmsilçisi mövsümün əvvəlində yüksək temp tutsa da, sonradan komandanın gücü tədricən zəifləməyə başladı. Çempionlar Liqasındakı ağır təqvim və heyətin rotasiya üçün yetərsiz olması Premyer Liqada öz təsirini göstərdi. Bundan yararlanan “Sabah” isə yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında ardıcıl qələbələrlə çempionluğa doğru inamla irəlilədi. Kubokda da uğurlu çıxış edən “bayquşlar” mövsümü “qızıl dubl”la başa vuracaq. Artıq sona bir tur qalmış komandaların taleyi müəyyənləşib. “Sabah” növbəti mövsümdə Azərbaycanı Çempionlar Liqasında, “Qarabağ” isə Avropa Liqasında təmsil edəcək. Masazır klubunun həm çempion olması, həm də kuboku qazanması turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan “Neftçi”yə də avrokubok yolu açıb. “Ağ-qaralar” üçüncü yeri tutan “Turan Tovuz”la birlikdə Konfrans Liqasında çıxış edəcək.

Bununla belə, əsas suallardan biri “Qarabağ”ın növbəti mövsümdə Avropa Liqasında nə dərəcədə uğurlu ola biləcəyidir. Komandanın heyətində ciddi dəyişikliklərə ehtiyac olduğu açıq görünür. Klub artıq ilk transferini reallaşdırıb: fransalı vinger Jali Muaddiblə üç illik müqavilə imzalanıb. Amma “köhlən atlar”ın hələ də yetərincə problemli mövqeləri var.

Ən böyük problemlərdən biri müdafiə xəttindədir. Müdafiənin mərkəzində çıxış edən Bədavi Hüseynov başa çatan mövsümdə az-az meydanda görünürdü və karyerasının son dönəmini yaşadığı hiss olunur. Onun gələcək planlarda yer alıb-almayacağı sual altındadır. Digər mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin zədədən sonra hansı formada qayıdacağı da qeyri-müəyyəndir. Mövsüm ərzində müdafiənin əsas dayaqlarından olan Kevin Medinanın isə əvvəlki formasını qoruyub-saxlayacağı inandırıcı görünmür. Onda da artıq yaş amili öz sözünü deyir.

Müdafiədə problemlərin yaşandığı bir dönəmdə Elvin Cəfərquliyevin çıxışı xüsusi diqqət çəkdi. Son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən perspektivli oyunçulardan sayılan Elvin karyerasının ən yaxşı mövsümünü keçirdi. Sol cinahdakı sabit performansı ilə həm Premyer Liqada, həm də Çempionlar Liqasında komandasının uğurlarında böyük rol oynadı. Hətta Avropa arenasındakı matçların birində oyunun ən yaxşısı seçildi. Ancaq intizam problemləri Cəfərquliyevin karyerasına mənfi təsir göstərir. Premyer Liqanın həlledici mərhələsində baş məşqçi Qurban Qurbanov növbəti intizamsızlıq fonunda onu əvəzedici komandaya göndərdi və sona qədər əsas heyətə qaytarmadı. Elvinin yaxınlarda klubun mövsümün yekunlarına dair tədbirinə dəvət olunmaması isə ayrılıq ehtimalını daha da gücləndirib.

Hücum xəttində vəziyyət daha ağır görünür. Komanda Çempionlar Liqasında mərkəz hücumçusu çatışmazlığından əziyyət çəkdiyi üçün əsas mövqeyi vinger olan Kamilo Duranın ümidinə qalmışdı. Kolumbiyalı futbolçu müəyyən mənada gözləntiləri doğrultsa da, bu, problemin həll olunduğu anlamına gəlmir. Əsas hücumçu Musa Qurbanlı daha çox ehtiyat oyunçu funksiyasını daşıyır və Premyer Liqa matçlarında şans qazanır. Hücum xəttinin sol cinahında çıxış edən “veteran” Abdullah Zubirin isə əvvəlki effektivliyindən uzaq olduğu hiss olunur.

Baş məşqçi Qurban Qurbanov ən son açıqlamasında “qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq” ifadəsini işlədib. Xub! Qurbanovun komandasının bu keyfiyyətlərə sahib olduğuna və olacağına şübhə etmirik. Ancaq bütün bunlardan əlavə, komandaya keyfiyyətli transferlər də lazımdır. Biz yuxarıda xüsusilə müdafiə və hücum xəttini vurğuladıq. Əslində isə, “Qarabağ” növbəti mövsümdə yenidən Azərbaycan çempionu olmaq, Avropa Liqasında uzun yol qət etmək istəyirsə, qapı xəttinin, yarımmüdafiənin də güclənməsinə ehtiyacı var. “Köhlən atlar”ın indi keyfiyyətli transferlər üçün həm ad-sanı, həm də maliyyə imkanı da var axı.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button