“Nə vaxtsa komandaya kömək ola bilməyəcəyimi düşünsəm, hamıdan əvvəl özüm bunu kluba bildirərəm” – Müsahibə

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyevin Komanda.az saytına müsahibəsi:

  • “Qəbələ” 8 komandalı Premyer Liqada mövsümü 7-ci sırada bitirdi. Mövsümlə bağlı fikirlərinizi bilmək istərdik.
  • Ümumi götürsək, builki çıxışımızı qənaətbəxş hesab etmək olar. Müəyyən səbəblərə görə komandanı gec formalaşdırsaq da, çempionatda rəqabətə dözümlü komanda yaratdıq. Göstərdiyimiz oyunla daha yaxşı nəticəyə ümid etmək olardı. Oyun baxımından digər komandalardan üstün olsaq da, çoxlu qol imkanlarımızı dəyərləndirməkdə çətinlik çəkdik.
  • Komandanın çıxışını qənaətbəxş hesab edirsiz. 10 ballıq sistemlə qiymətləndirmə etsəz, “Qəbələ”yə bu mövsümə görə neçə bal verərdiz?
  • Hansısa rəqəmi demək olmur. Uğurlu və uğursuz dönəmlərimiz oldu.
  • Yeni mövsümdə də komandanı siz çalışdıracaqsız?
  • Mən bu klub üçün yeni adam deyiləm. Bura da pillə-pillə gəlib çıxmışam. Mənim “Qəbələ” ilə münasibətlərim hansısa kağız üzərində nizamlanmayıb. Klub hər zaman həm futbolçu, həm də məşqçi olaraq, nəinki məni, bütün komanda üzvlərini yaxşı dəyərləndirir. Biz artıq yeni mövsümün planlarını cızırıq. Bu da o deməkdir ki, inşallah, komanda yeni mövsümə də bu məşqçilər korpusu ilə başlayacaq. Nə vaxtsa komandaya kömək ola bilməyəcəyimi düşünsəm, hamıdan əvvəl özüm bunu kluba bildirərəm. Çünki burda olan futbolçular, məşqçilər də yaxşı bilir ki, bu klubda nə qədər az müddət olsan da, səndə kluba güclü mənəvi bağ yaranır. Bu səbəbdən, klub rəhbərliyinin məsləhət bildiyi vaxta qədər işimizi davam etdirəcəyik.
  • Yeni mövsüm üçün planlarınız nədir?
  • Əsas məsələ komandanın 70 faizini qoruyub saxlamaqdır. Mümkün qədər heyəti də gücləndirmək lazımdır.
  • “Qəbələ”ni kimlərin tərk edəcəyi məlumdurmu?
  • Yaxın vaxtlarda kimin qalıb, kimin gedəcəyini dəqiqləşdirəcəyik.
  • Bəs gedənlərin yerini necə dolduracaqsız, yeni transferlər gözlənilirmi?
  • Büdcəmizə uyğun, komandanı həm legionerlərdən, həm yerli futbolçulardan, həmçinin, akademiyanın üzvlərindən formalaşdırmağı düşünürük.
  • “Qəbələ”nin heyətində Yaovi Akakpo adlı futbolçu var. Hansı ki, 2020-ci ilin fevralından komandaya cəlb edilsə də, oyunlara çıxmır. Bu mövsüm də sadəcə bir oyunda 13 dəqiqə şans qazanıb. Oynamayacaq legioner komandaya nə üçün gətirlib?
  • Akakpo sırf gələcək üçün seçdiyimiz oyunçu idi. Yaxın günlərdə onunla bağlı açıqlama verəcəyik.
  • Belə çıxır ki, ümidlərinizi doğrultmadı və yollarınızı ayıracaqsız?
  • Potensiallı oyunçudur, sadəcə onun mövqeyində Nikolas Raysel olduğu üçün ehtiyatda qaldı. Onunla bağlı qərar klub tərəfindən açıqlanacaq.
  • Bu mövsüm çempionat oyunlarında sizə ən çox çətinlik yaradan komanda hansı oldu?
  • Bütün rəqibləri özümüz üçün ciddi hesab edirik.
  • Bəs Premyer Liqa klublarında çıxış edən futbolçulardan hansını “Qəbələ”də görmək istərdiz?
  • Belə futbolçular çoxdur. Milli üzvləri ola bilər. Lakin bəyəndiklərimin klubları ilə müqaviləsi var.
  • Ad çəkə bilərsiz?
  • Ad çəkməyim düzgün olmaz.
  • İdris İnqilablı ötən ilin yayında “Sabah”la razılaşdı, lakin icarə əsasında bu mövsümü “Qəbələ”də keçirdi. “Sabah”a keçməzdən əvvəl daha çox şans qazanan İdris, bu mövsüm cəmi 16 oyuna çıxıb. Gənc futbolçunun ehtiyatda qalmasına səbəb nə idi?
  • Biz futbolçunun məşqlərdəki performansına görə oynayıb-oynamamasına qərar veririk.
  • Komandanın heyətində bu mövsümkü çıxışına görə sizi təəccübləndirən kim oldu?
  • Kimisə fərqləndirmək istəməzdim. Lakin növbəti mövsümdə komandadan daha artığını gözləyirəm.
  • Azərbaycan milli komandasının Türkiyə, Moldova və Belarusla yoxlama oyunları üçün heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Canni De Byazi “Qəbələ”dən heç kimə dəvət göndərməyib. Bu haqda nə deyə bilərsiz?
  • Millinin məşqçiləri öz seçimlərini edir və onların qərarına hörmətlə yanaşmalıyıq.
  • Sizcə, komandanızda yığmaya layiq futbolçu yoxdur?
  • Seçimi yığmanın baş məşqçiləri edir. Bir şey deyə bilmərəm. Məşqçilərin fikirləri fərqlidir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button