“Ümid edirəm ki, Avropa klublarının diqqətini çəkə biləcəm” – “Qəbələ”nin legioneri

“Qəbələ” klubunun futbolçusu Nikolas Raysel Fransa mətbuatına müsahibə verib.

Komanda.az “footmercato.net” saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Azərbaycana gəlişi və “Qəbələ”dəki hədəflərindən də danışıb:

“Ostende”də olanda 7 ay zədə səbəbindən oynaya bilmədim və daha sonra “Rozelar”a icarəyə verildim. Orda da az şans qazandım. Qış fasiləsi gələndə Belçikanın 2-ci liqasından mənimlə maraqlananlar var idi. Fransanın 2-ci liqasından isə heç təklif yox idi. Ancaq mən üç il əvvəl burda ən yaxşı oyunçu seçilmişdim. İnsanlar bir az məni unutmuşdular. Bütün bunlardan uzaqlaşmağa və yeni bir ölkədə hər şeyə sıfırdan başlamağa qərar verdim.

PSJ-də mənimlə birlikdə olan dostum Abdelrafik Jerar Azərbaycanın “Qəbələ” klubuna keçmişdi. O, klubun idman direktoru ilə mənim haqda danışdı və videolarımı göstərdi. Mənim “Qəbələ”yə keçməyimi istədilər. İstədiyim şeyləri bu klub mənə verəcəkdi – yeni başlanğıc, oyun praktikası və inam.

Ötən mövsüm 4 oyunda 4 qol vurub, məhsuldar ötürmələr etmişdim. Azərbaycandakı karyeram yaxşı başlamışdı. Ancaq koronavirus pandemiyası hər şeyi alt-üst etdi. Çempionat yarımçıq dayandırıldı. Bunlara baxmayaraq, klubumdan yeni müqavilə təklifi aldım. Burda özümü yaxşı hiss edirəm və hər şey yaxşıdır. Matçlarda iştirak edirəm, fiziki durumum və səhhətimdə heç bir problem yoxdur. Ümid edirəm ki, Avropa klublarının diqqətini çəkə biləcəm”.

Rayselin “Qəbələ” ilə müqaviləsi iyula qədərdir. Hücumçu Premyer Liqada bu mövsüm 15 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.