Premyer Liqanı kim tərk etməlidir? – “Qəbələ”, “Araz-Naxçıvan”, yoxsa “Kəpəz”?

Mövsümün sonlarına doğru Azərbaycan Premyer Liqasında əsas suala aydınlıq gəlib: “Qarabağ” növbəti çempionluğunu rəsmiləşdirib. Amma Premyer Liqanı tərk edəcək komandanın adı hələ ki, tam məlum deyil. Baxmayaraq ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” elitanı tərk etməyə əsas namizəddir.

Premyer Liqada qalan 7 turda nələr olacağını izləyib görərik. Elitanı tərk etməyə yaxın olan üç komandanın – “Araz-Naxçıvan”, “Kəpəz” və “Qəbələ”nin yeni – 2024-cü ildəki nəticələrinə nəzər yetirək.

“Kəpəz” yeni ilə daha yaxşı başlayıb

“Kəpəz” 29 turdan sonra 30 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Gəncəni təmsil edən komandanın keçirdiyi 29 oyundan 11-i 2024-cü ilə təsadüf edib. “Kəpəz” bu il 11 oyundan sonra hesabına 16 xal əlavə edə bilib ki, bunu da 2023-cü ilə nisbətən daha yaxşı hesab edə bilərik. Gəncəlilərin 2024-cü ildəki göstəriciləri son üçlükdə qərarlaşan komandaların nəticələrinə nisbətən daha qənaətbəxşdir.

“Kəpəz”: 5 qələbə, 5 məğlubiyyət, 1 heç-heçə

Baş məşqçinin başında çatlayan məğlubiyyətlər

“Araz-Naxçıvan” Premyer Liqada 29 turdan sonra 32 xalla turnir cədvəlində 8-ci yerdədir. Naxçıvan təmsilçisi 2024-cü ildə 11 oyundan cəmi birində qələbə qazana bilib. Belə ki, komanda 22-ci turda “Neftçi” üzərində minimal (1:0) hesablı qələbəyə sevinib. Ümumilikdə, naxçıvanlılar bu il 1 qələbə və 3 heç-heçə ilə aktivinə 6 xal yaza bilib. “Araz-Naxçıvan” son turda evdə “Kəpəz”ə məğlub olub (1:2). Nəticədə, bu və əvvəlki matçlardakı uğursuz nəticələrə görə komandanın baş məşqçisi Azər Bağırov istefaya göndərilib.

“Araz-Naxçıvan”: 1 qələbə, 7 məğlubiyyət, 3 heç-heçə

Qələbəyə həsrət qalan “Qəbələ”

“Qəbələ” Premyer Liqada 29 turdan sonra 16 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Kaxaber Tsxadadzenin komandası aşkar autsayderdir və möcüzə baş verməsə, “qırmızı-qaralar” Premyer Liqa ilə vidalaşacaqlar. Komanda 2024-cü ildə rəqibləri ilə 11 dəfə qarşılaşıb və bu qarşılaşmaların heç birində qələbə qazanmayıb. Qəbələ təmsilçisi bu il 9 məğlubiyyət və 2 heç-heçə ilə hesabına cəmi 2 xal əlavə edib ki, bu da son üçlükdə qərarlaşan komandalar arasında ən zəif göstəricidir.

“Qəbələ”: 9 məğlubiyyət, 2 heç-heçə

“Kəpəz”in 2024-cü ildə “Qəbələ” ilə bir, “Araz-Naxçıvan”la isə iki dəfə yolları kəsişib. Gəncəlilər bu 3 oyunun hər birində qələbəyə sevinən tərəf olub.

Son üçlükdə qərarlaşan bu komandaların 2024-cü ildəki göstəricilərinə nəzər salsaq, “Qəbələ”nin Premyer Liqanı tərk etməyi “haqq etdiyini” söyləyə bilərik. Daha yaxşı nəticələrlə yadda qalan “Kəpəz” isə elitada mübarizəni davam etdirməyə layiq olduğunu sübut etməkdədir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button