Nikola Yurçeviç: “Qələbə qazanmağımız çox vacib idi”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Bəhreyn yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis, 3:2 hesablı qələbə ilə bağlı bunları söyləyib:

“Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidi. Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bu qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidi, həm də digər – sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq”.