“Musanın “Red Bull”a bağlı olan hansısa kluba transferi müzakirə mövzusu deyil” – AÇIQLAMA

Yerli mətbuatda “Red Bull”un rəsmi siması və elçisi olan, hazırda “Qarabağ”da çıxış edən Musa Qurbanlının növbəti mövsümdə “Zalsburq”a transfer olunmaq ehtimalı haqda xəbər yayılıb.

Məsələni dəqiqləşdirmək üçün “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub sözçüsü Komanda.az-a açıqlamasında Qurbanlının Avtriya təmsilçisinə keçəcəyini özündə əks etdirən məlumatı təkzib edib:

“Red Bull”un sıralarında olan, onlarla birlikdə işləyən onlarla, yüzlərlə atlet var. Yüngül atletikadan tutmuş futbola qədər, demək olar ki, bütün idman növlərində onların simaları var. Şirkətin əsas fəaliyyət sahəsi Formula 1 və futbola məxsusdur.

Musanın “Red Bull”un siması olması və onun gələcəkdə “Zalsburq”a keçidi üçün zəmin yaratması düşüncəsi kökündən yanlışdır. O, Azərbaycanın gənc, perspektivli futbolçusu və idmançısı kimi klub tərəfindən seçilib.

Hazırda Musanın adıçəkilən kluba, ümumiyyətlə, “Red Bull”a bağlı olan hansısa kluba transferi müzakirə mövzusu deyil”.

Xatırladaq ki, “Red Bull” markasının bütün dünyada 850-dən çox idmançısı var. Müxtəlif ölkələrdən olan idmançılar fərqli idman sahələrini təmsil edirlər.

Avstriya şirkəti ötən ay “Qarabağ”ın 20 yaşlı hücumçusu Musa Qurbanlını rəsmi olaraq qlobal atletləri sırasına daxil edib.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button