Millinin hücumçusu: “Qızıl medal qazanmaq istəyirik”

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Nikalina Başnakova İslamiada öncəsi federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, o, bunları söyləyib:

“Ötən il müəyyən səbəblərdən milli komandamızla birgə Avropa çempionatının final mərhələsində iştirak edə bilmədim. Universitetdə oxumağım və çıxış edəcəyim klubla bağlı bəzi problemlər oldu.

Bu il belə bir problemlə qarşılaşmadım və bir az gec olsa da, milli komandamızın məşqlərinə qoşula bildim. Hazırlıq yüksək səviyyədə keçdi. İki yoxlama matçı keçirdik və qalib gəldik. Oyun zamanı komanda yoldaşlarımızla bir-birimizi daha yaxşı hiss etmək üçün bir neçə yoxlama matçı da oynamaq istərdim.

Düşərgəmizdə gözəl ab-hava var. Ən əsas məşqçilər və oyunçular arasında əsl komanda ruhu hiss olunur və düşünürəm ki, bu, bir komanda üçün çox vacibdir. Sabah İslamiadada ilk matçımıza çıxacağıq.

Bu yarışda qızıl medal qazanmaq istəyirik. Düşünürəm ki, bu oyunlar bizə qarşıdakı yarışlar üçün böyük təcrübə olacaq.
Avropa çempionatının təsnifat oyunlarında isə qrup mərhələsini keçməliyik. Bunun üçün hər cür şansımız var və komandamıza bu yarışlarda uğurlar arzu edirəm”.