“Meydanda dominantlıq edən tərəf biz idik” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun haqqında çox fikir bildirmək istəmirəm. Bu gün futbolçuların çıxışı qənaətbəxş idi. Nəticə ürəyimizcə olmasa da, ilk 10-15 dəqiqəni çıxmaq şərti ilə qalan vaxt meydanda dominantlıq edən tərəf biz idik. Sonuncu dəfə bu qədər qol epizodu yaxaladığımız oyunu xatırlamıram. Ələ düşən fürsətləri qola çevirə bilmədik. Əsasən də son dəqiqələrdəki epizodlar. Düşünürəm ki, bu günədək bu qədər qol epizodu olmayıb. Bu futbolçularla bura qədər birlikdə gəlmişik. Çətin günlərdə və vaxtlarda birlikdə olmuşuq. İndi də düşdüyümüz bu durumdan çıxmağa çalışacağıq. Bu psixologiya ilə matça çıxmaq oyunçular üçün çətindir. Bu gün meydanda yalnız qol çatışmırdı. Bu oyuna görə futbolçulara təşəkkür edir, rəqibə isə uğurlar arzulayıram. Oyunçular daha yaxşısını etmək istəyirdilər. Səhv etdik və qapımızda qol gördük. Hücum planında yaxşı şeylər oldu. Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi. Heyətdə hər dəfə dəyişiklik edirik. Xüsusən də ön xətdə olanları dəyişirik. Bu gün də dəyişiklik var idi. Ruslan Hacıyevə də şans verməyə çalışırıq”.