Mahir Emreliyə zəng etməyin!

Kürşad

O, “Qarabağ”dan ayrılıb Polşa “Legiya”sına gedəndə hamı sevinmişdi. Ağdam komandasında ortaya qoyduğu performans yaxşı idi və bunun mükafatı olaraq, Polşa klubundan təklif alması normal idi.

Mahir Emrelinin 2021-ci ilin yayında üz tutduğu Polşa çempionatında tez-tez qollar vuracağı, çox qısa zamanda “Legiya”nın aparıcı üzvünə çevriləcəyi proqnozlaşdırılması mümkün olan ən yaxşı ehtimal idi ki, bu da oldu. Amma Mahirdən fərqli olaraq, komandasının Polşa çempionatında işləri yaxşı getmirdi. Nəticədə, günlərin birində “Legiya” azarkeşləri klubun avtobusuna hücum çəkərək, aralarında Emrelinin də olduğu bir neçə futbolçuya fiziki təzyiq göstərdi. Vəssalam. Mahirin Polşa karyerası bitdi.

Bütün bunlar Azərbaycan millisinin hücumçusunun Zaqreb “Dinamo”suna keçənədək olan macərasının qısa xülasəsi idi.

İndi “Dinamo”nun Xorvatiya çempionatında işləri yaxşı getsə, Mahirin durumu tam əksidir. Emreli gah zədəli olur, gah da, baş məşqçi 90 dəqiqə onu ehtiyatda oturdur. Hə, son illərdə Azərbaycan futbolunun xaricə “ixrac etdiyi” ən üzdə olan oyunçunun başının üzərini qara buludlar alıb.

Təbii ki, nə Xorvatiya çempionatı Polşa birinciliyidir, nə də “Dinamo” “Legiya” səviyyəsində komandadır. Bu, artıq daha üst səviyyə, daha yüksək futbolçu keyfiyyətlərinin tələb olunduğu çempionatdır. Və hələlik görünən budur ki, Mahir bu səviyyə ilə ayaqlaşmaqda çətinlik çəkir.

Yaxşı, bəs Emreli nə etməlidir?

Yenidən Azərbaycana geri dönmək? Məsələn, hücumda o qədər də geniş seçimləri olmayan “Qarabağ”a qayıtmaq necə olar?

Mahir Azərbaycana geri dönə bilər. Bu, onun öz seçimi və bəlkə də, haqlı da seçim olar. Amma…

Amma Emrelinin geri dönüşü futbolçu-şəxsiyyət olaraq ilk növbədə öz məğlubiyyəti olar. Bu, qeyd-şərtsiz “kapitulyasiya” olacaq. Mahirin Avropa futbolu, daha böyük hədəflər, daha parlaq karyera ehtimalı qarşısında geri çəkilməsi, üzücü məğlubiyyəti.

Bu, təkcə Mahirin də məğlubiyyəti olmaz. Azərbaycan futbolunun da acı, ağrılı məğlubiyyəti olar. Emreli son illərdə Azərbaycan futbolunun yetişdirib Avropaya göndərdiyi ən potensiallı futbolçulardan biridir. Bu futbolçunun suyu süzülə-süzülə geri dönməsi bütov bir ölkə futbolunun, strukturun, sistemin, azərbaycanlı məşqçilərin məğlubiyyətidir.

Mahir Emreli ya “Dinamo”da qalıb sonadək savaşmalı, mübarizə aparmalıdır, ya da… Başqa bir seçim yoxdur. Başqa seçim məğlubiyyəti, uğursuzluğu, bacarıqsızlığı, istedad yetməzliyini qəbul etməkdir. Azərbaycan klubları da Mahiri geri qaytarmaq üçün səy göstərməməlidir. Bu, futbolçunun özünə və Azərbaycan futboluna edilə biləcək ən böyük pisliklərdən biri olar. Mahir Emreliyə zəng etməyin!

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button