“Klubun büdcəsinə ziyan vurmaq mənlik deyil” – MÜSAHİBƏ

“Səbail”in baş məşqçisi Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:

“Səbail”ə təyinat almağınız sosial şəbəkədə müxtəlif cür qarşılandı. “Dənizçilər”in bəzi azarkeşləri bunu müsbət qarşılasa da, bir qismi narazılığını bildirdi.

Azarkeşlərin sosial mediada çıxan hər bir fikrinə reaksiya vermək düzgün olmazdı. Hər kəsin müsbət və mənfi fikirlərinə hörmətlə yanaşıram.

Komandanız hazırda Premyer Liqanın turnir cədvəlində 9-cudur. Elitanı tərk etmək təhlükəsi var…

Komandamız hazırda yaxşı durumda deyil. Tutduğumuz yer, topladığımız xal ondan xəbər verir ki, biz bu pillələrdən mütləq qurtulmalıyıq. Çalışırıq. Əlbəttə ki, şansımız var. Var gücümüzü ortaya qoyacağıq ki, bu situasiyadan çıxaq.

İlk rəsmi matçınızda məğlub olduz (“Şamaxı”, 1:2). Əsas problem nədə idi?

Tam düzgün buyurursuz. “Şamaxı” ilə oyunda komandam öz oyununu oynaya bilmədi. Antalyadakı təlim-məşq toplanışında çox çalışdıq. Komanda özünü yaxşı tərəfdən göstərə bilmədi. Bu isə aydın məsələdir. Ona görə ki, komandanın üstündə böyük psixoloji təzyiq var. Sonuncu yerdə qərarlaşmaq komandanı sıxır. Futbolçular böyük təzyiq altında oynayırlar və onlarda qorxu var. “Şamaxı” ilə oyunda birinci hissədə yaxşı futbol oynayaraq, hesabda önə çıxdıq. Sadəcə ikinci hissədə komanda qorxaraq geriyə oturdu. Bu, psixoloji gərginlikdən yaranan bir şeydir.

Komandadaxili problemlər uğursuz seriyaya nə dərəcədə təsir göstərir?
– Əlbəttə, təsiri var. Komandanın 11 oyun qələbə qazana bilməməsi fiziki və psixoloji cəhətdən müəyyən təsir göstərir.

“Səbail”in hazırkı durumda olmasında keçmiş baş məşqçi Mahmud Qurbanovun rolu nə qədərdir?

– “Səbail”in hazırkı durumda olmasının günahını tamamilə baş məşqçinin üzərinə atmaq etik normadan kənardır. Elə şey demək olmaz. Ona görə ki, bu komandada uğursuzluq varsa, təkcə baş məşqçi buna cavabdeh deyil. Futbolçuların da böyük günahları var ki, komanda bu hala gəlib çatıb. Bir nəfəri günahlandırmaq düzgün deyil. Mahmud Qurbanovun heç nə etmədiyini demək yanlışdır. O, bacardığı qədər, futbolçuların potensialına uyğun hərəkət edib.

Səbail”ə təyinat aldıqdan sonra Qurbanovla əlaqə saxladız?

– Mən onun köməkçiləri ilə əlaqə saxladım. Düzü, özü ilə danışmadım.

Klub rəhbərliyinin sizdən əsas tələbi nədir?

Birincisi, bu, tələb deyil, istəkdir. İstək isə komandanı aşağı pillələrdən qurtarmaq və kubokda da şans varsa, daha da irəli getməyə çalışmaqdır. Finala çıxmaq üçün mübarizə aparmaqdır. Dediyim kimi, bunlar tələb deyil, sadəcə istəkdir. Bizim ən böyük problemimiz və ən böyük istəyimiz komandanı aşağı pillədən qurtarmaqdır.

21-ci turda komandanız “Sabah” səfərinə yollanacaq. Çempionatın üst pillələrində qərarlaşan komanda ilə oyun üçün xüsusi planınız olacaq?

Doğrudan da, “Sabah” bu gün ən yaxşı futbol oynayan komandalardan biridir. Komanda yuxarıya doğru inamla irəliləyir. Həqiqətən, göstərdikləri futbol gözəgəlimlidir. Onlara qarşı oynayan hər bir komandanın planı olmalıdır. Eyni zamanda, bizim də planımız olacaq. Bunun hansı dərəcədə gerçəkləşməsi meydanda olan futbolçulardan, icraçılardan və oyunun gedişatından asılıdır.

Kubokun yarımfinalında mübarizəni davam etdirirsiz. Rəqib isə Azərbaycan çempionatının lideri “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Qəbələ”dir…

– “Qəbələ” həqiqətən də, yaxşı rəqibdir, layiqlidirlər. “Qarabağ” kimi komandanı qıraqda qoyan komandaya gözucu baxmaq olmaz. Bütün oyunlar bizim üçün çətindir. Bu oyun da bizim üçün çox çətin olacaq.

Qış fasiləsini Türkiyənin Antalya şəhərində keçirdiz. İlk yoxlama görüşündə komandanız “Legiya” ilə heç-heçə etdi (2:2). Həmin matçda komandanın hansı problemləri özünü göstərdi?

– Türkiyədə göstərdiyimiz oyunun heç 30-40 faizini “Şamaxı” ilə matçda göstərə bilmədik. Elə “Kəpəz”ə də qarşı. Bəlkə, “Kəpəz”lə oyunda bir az artıq göstərə bildik. Faiz göstəricisinə görə aşağıdayıq. Komandanın uğursuz olması psixoloji təzyiqlə əlaqəlidir ki, bu da öz oyunumuzu göstərmək üçün problemlər yaradır.

“Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç “Səbail”i Azərbaycan çempionatının ən zəif komandası adlandırıb. Bu barədə fikirləriniz necədir?

Marko Veşoviç elə söhbət etməyib. Bu, jurnalistlərin uydurmasıdır. Deyibsə belə, çempionatın turnir cədvəlinin sonuncu pilləsində gediriksə, deməli, ən zəif komanda sayılmalıyıq. Bu, realdır. Bunu qəbul etmək lazımdır. Ancaq Veşoviçin özü də qeyd etdi ki, belə söz deməyib, sadəcə jurnalistlər onun sözünü bir azca böyüdüblər.

Transfer pəncərəsi yavaş-yavaş sona çatır. Komandanızda hansı mövqedə boşluqlar var? Əlavə transfer düşünülürmü?

Boşluqlar var. İnanın mənə, mən də istəyirəm ki, iki mövqeyə futbolçu tapım. Amma bu günə qədər tapa bilməmişəm. Yəni qış transfer dönəmində yaxşı futbolçu tapmaq çox çətindir. Legioner xətrinə legioner gətirmək, klubun büdcəsinə ziyan vurmaq mənlik deyil. Ona görə də, bu çox bəsit məsələdir.

Oğlunuz Coşqun Diniyev hazırda “Zirə”nin formasını geyinir. Qəsəbə təmsilçisinin çalışdırıcısı Rəşad Sadıqovla münasibətləri haqda sizinlə danışırmı? Münasibətləri necədir?

– Coşqun Diniyevlə də, Rəşad Sadıqovla da əlaqəm var. Coşqun “Zirə”nin futbolçusudur, onun haqqında nəsə deməyə ehtiyacım yoxdur. Mən də hansısa bir komandanın baş məşqçisiyəm. Rəşad Sadıqovla münasibətim yüksək səviyyədədir. Bu belə olub və olacaq da.

“Səbail” – “Kəpəz” matçında bıçaqlanma hadisəsi baş verdi. Məsələ ilə bağlı sizin mövqeyiniz necədir? Azarkeşin durumu ilə maraqlandız?

Bu, təəssüf doğuran bir məqamdır. Əlbəttə, belə şeylər olmamalı idi. Futbol meydançada bitir. Azarkeşlər üçün də futbol oyunu qurtardıqdan sonra matç bitmiş hesab olunur. Bu hadisə stadionda olmayıb, həmin azarkeş bizim fan-klubun üzvü də deyil. Oyundan sonra hansısa küçədə münasibətə aydınlıq gətirilməsinə müsbət baxmıram. Dünən mən özüm xəsarət alan Rahib adlı gəncəli azarkeşin ziyarətinə getdim, palatasında ona şəfa dilədim. Ona təəssüfümü bildirdim ki, futbol belə olmamalıdır. Futbol milyonların sevimlisidir. Onunla sevinmək lazımdır, kədərlənmək olmaz. Əlbəttə, bir azarkeşin zindana, digər azarkeşin xəstəxanaya düşməsi heç kimə xoş deyil. Bir daha qeyd edirəm ki, mən xəsarət alan azarkeşin yanına getdim, onunla görüşdüm, can sağlığı və şəfalar dilədim. Ona yanında olduğumu bildirdim.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button