Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni klub yaradılıb.

Komanda.az xəbər verir ki, yeni klub “Xəzər Bakı” adlanır.

Bakı klubunun yaradılması barədə məlumatı idman jurnalisti, əvvəllər “Əlincə” və “Xocalı” kimi aşağı yaş qrupları üzrə klublarda işləmiş Mirələm Həsənli verib:

“Geridə qoyduğumuz illər ərzində uşaq futbolu sahəsində qazandığımız təcrübəyə əsaslanaraq bu günlərdə yeni bir qərar qəbul elədik – öz klubumuzu təsis edək.

Bu qərara gəlməyimizin əsl səbəbi – Bir neçə klubla işlədik, onlara öz təcrübələrimizi verməyə çalışdıq, inkişaf etmələrində yardımçı olduq, yaratdıq, yaratmaqda köməklik göstərdik.

Bu, bəzi hallarda alındı, istəyimizə nail olduq. Bəzən də fikirlərimiz dəstəklənmədi. Baxış fərqləri, səlahiyyət məsələləri və s. Təbii ki, bunlar narazılıq, şikayət cümlələri deyil.

Nə olacaqdısa, olmalı idi. Düşünürəm ki, məhz bu olanlar sayəsində inkişaf etdik, immunitet yarandı. Həyat davam edir, biz də yerimizdə durmalı deyilik.

Bu gündən təsis etdiyimiz “Xəzər Bakı”nın işləri ilə məşğul olacağıq. Hələlik bu qədər… İmkan düşdükcə klubdakı işlərlə bağlı yenə də məlumatlar paylaşacam. Allah yardımçımız olsun!”