“Bunu deməklə digər rəqiblərimizə hörmətsizlik etmək istəmirəm” – Azərbaycan millisinin hücumçusu

Futzal üzrə Azərbaycan millisi final mərhələsi 2022-ci ildə Niderlandda keçiriləcək Avropa çempionatının qrup mərhələsində Slovakiya, Moldova və Yunanıstan-Türkiyə matçının qalibi ilə qarşılaşacaq.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Xətai Bağırov yer aldıqları qrupu dəyərləndirib:

“Son illərdə Slovakiya yığması ilə ardıcıl oyunlar keçirmişik. Növbəti dəfə yenə rəqib olduq. Elə Moldova ilə də son illərdə tez-tez üz-üzə gəlirdik. Düzdür, bu komanda ilə daha çox yoldaşlıq oyunlarında rəqib olmuşuq. Amma son seçmə mərhələdə ilk dəfə rəsmi oyunda qarşılaşdıq. Hər iki rəqibimizi yaxşı tanıyırıq. Slovakiya ilə oyunlarımız çətin keçir. Qələbə qazansaq da, bu, asan başa gəlmir. Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq. Moldovanı da Bakıdakı rəsmi oyunda çətinliklə məğlub etdik. Həmin vaxt oyunumuz da istədiyimiz kimi alınmadı, hamımız zəif oynadıq. Amma müqayisə etsək, yenə deyirəm, Slovakiya digərlərindən güclüdür.

Bizə birinci yer uğrunda mübarizədə əsas çətinlik yaradacaq komanda onlar olacaq. Bunu deməklə digər rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Əlbəttə, Moldova yığması da oyun zamanı istənilən səhvdən, boşluqdan istifadə edəcək gücdədir. Üçüncü rəqibimizin kimliyi pley-off oyunlarından sonra bilinəcək. Məncə, Yunanıstan millisi daha şanslı hesab olunur.

Komandanın qarşısına hər zamankı kimi, yenə konkret tapşırıq qoyulacaq. Növbəti dəfə Avropa çempionatının final mərhələsində iştirak etməliyik. Ona görə də yaxşı hazırlaşmalı, heç bir rəqibə saymazyana yanaşmamalı, reytinqdəki üstünlüyümüzü meydanda da ortaya qoymalı və niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button