“Kasad heyətlə nəticə qazanmaq çox çətindir” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandanın ifasında maraqlı oyun alındı. Ağır qrafikdən sonra bu oyundan qələbə ilə ayrılmaq istəyirdik. Futbolçular bütün verilən tapşırıqları dəqiqliklə yerinə yetirməyə çalışdılar. Əvvəlki oyunlarla müqayisədə bu dəfə daha diqqətli oynadıq. Etdiyimiz o səhvləri bu oyunda demək olar ki, təkrarlamadıq. Hətta rəqibə qol imkanı da vermədik. Əksinə, hücumda da daha fəal idik. Bunun da sayəsində istədiyimiz qələbəni qazandıq. Qış fasiləsindən sonra çox ağır qrafikdə çıxış edirik. Kasad heyətlə həm rotasiya etmək, həm yaxşı oyun göstərmək, həm də nəticə qazanmaq çox çətindir. Bütövlükdə, sərgilədiyimiz oyundan narazı qaldığımı deməzdim. Sadəcə, öz səhvlərimiz ucbatından bəzi oyunlarda qapımızda qollar görürdük. Bu gün müdafiə xəttimizin etibarlı çıxışı, qol buraxmamağımız məni çox sevindirdi. Belə bir “Səbail” görmək istəyirdim. Hissələrə bölsək, birinci yarıda daha yaxşı çıxış etdik. İkinci hissədə isə rəqib sistemi dəyişdi, meydanın mərkəzində çoxalmağa başladı. Şükürlər olsun ki, bu təzyiqə dözməyi bacardıq və ikinci qolu rəqib qapısından keçirdik. Ondan sonra demək olar ki, rəqib də sakitləşdi. Rahatlaşmamalıyıq. Qarşıda bizi “Qarabağ”la səfər oyunu gözləyir. Bu oyunu unudub, beş gün sonrakı görüşə hazırlaşmalıyıq”..

Hacıyev bu mövsüm üçün hədəflərindən də danışıb: “Çempionatda aşkar autsayder yoxdur. Bizdən daha güclü, daha yaxşı imkana malik kollektivlər olsa da, ən azı oyunumuza görə onlardan geri qalmamağa çalışacağıq. Qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq məqsədi qoymamışıq. Amma sona kimi mübarizə aparacağıq”.

“Səbail”in çalışdırıcısı mövsümün ilk yarısında daha yaxşı çıxışı ilə seçilən Florian Kadriunun hazırda rəqabətdə uduzmasına dair sualı da cavablandırıb: “Bəzi matçlarda ondan istədiyim oyunu görə bilmədim. Amma bu, o demək deyil ki, Florian bizə lazım deyil. Qışa kimi həqiqətən yaxşı oyunları oldu. Hazırda isə görünür performansında geriləmə var. Futbolçularda belə hallar olur. Məni sevindirən odur ki, bu gün onun əvəzində meydana çıxan Məqsəd İsayev ən yaxşılardan idi. Bu rəqabət həqiqətən çox önəmlidir. Heyətdəki dəyişiklər də məhz bu rəqabəti gücləndirməyə yönəlib”. (matc.az)