“Kəpəz”in futbolçusu: “Bura birdəfəlik gəlməmişəm” – Müsahibə

“Kəpəz”in futbolçusu Fərid Nəbiyevin Komanda.az saytına müsahibəsi:

Fərid, əvvəlcə son oyunla bağlı danışaq. “Qəbələ” ilə matçda “Kəpəz”in heyətində debüt etdin. İlk oyunun səni qane etdi?

– Məncə, debüt oyunum pis alınmadı. Uzun müddət oyunsuz qalmışdım. Düşünürəm ki, oyundan oyuna hər şey daha yaxşı olacaq.

Premyer Liqada yeni mövsüm başlayandan “Kəpəz” heç bir rəqibindən xal ala bilməyib. Üstəlik, komanda böyük hesablarla məğlub olub. Səncə, səbəb nədir?

– İlk oyunda “Zirə”dən xal ala bilərdik. Sadəcə ani diqqətsizlikdən bir xalımız əldən getdi. “Qəbələ” ilə oyunumuz da pis alınmırdı, yaxşı qol vəziyyətləri yaratdıq, sadəcə yararlana bilmədik. “Qəbələ” kimi komandaya qarşı adi səhvlər etdikdə rəqibi cəzalandırırlar.

Növbəti oyunlarda “Kəpəz”dən uğurlu nəticə gözləmək olarmı?

– Hər şey öz əlimizdədir. Daha çox mübarizə aparıb, daha yaxşı nəticələr qazana bilərik.

Hazırda “Kəpəz” azarkeşləri əsas günahkar kimi baş məşqçi Yaşar Vahabzadəni görürlər və hər oyunda istefasını tələb edirlər. Səncə, azarkeşlərin tələbi haqlıdır?

– Baş məşqçi ilə bağlı heç nə deyə bilmərəm. Bu, mənlik bir şey deyil.

Son klubun Çexiya “Viktoriya”sı (Jijkov) olub. Nəyə görə xaricdə qalmağı seçmədin? Təklif gəlmədi, yoxsa özün geri dönmək istədin?

– “Viktoriya” ilə müqaviləm var idi. Onlar məni saxlamaq istəyirdilər, lakin mən klubdan ayrılmaq istədim.

“Viktoriya”da sənə münasibət necə idi? Ümumiyyətlə, Çexiyada Azərbaycan futbolu barədə nəsə bilirlər?

– Orada hər oyunçuya münasibət yaxşıdır. Bu barədə heç bir problem yox idi. Sadəcə, karyeramda yenilik etmək istədim.

“Kəpəz”dən başqa, hansısa klublardan təklif almışdın?

– Bəli, 3-4 klubdan təklif almışdım. Müəyyən məsləhətləşmələrdən sonra qərara gəldim ki, “Kəpəz”ə gəlib oynamağım mənim üçün önəmli olacaq.

Hansı klublar idi, bilmək olar?

– Adlarını çəkməsəm yaxşıdır…

Növbəti illərdə yenidən ölkədən kənarda legioner həyatı yaşamaq istəyərsən?

– Əlbəttə, bura birdəfəlik gəlməmişəm. Qismət olsa, gələcəkdə yenidən xaricə gedəcəm.

Son sualım “Qarabağ”la bağlı olacaq. “Qarabağ”ın oyunlarını yəqin ki, izləyirsən. “Viktoriya” ilə bugünkü oyun haqda nə düşünürsən?

– Əlbəttə, izləyirəm. “Qarabağ” qrupa düşə bilər, hər şey öz əlindədir.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button