İtaliya millisi qalib gəldi, rekordunu yenilədi

AÇ-2020-nin seçmə mərhələsinin 6-cı turu çərçivəsində İtaliya yığması səfərdə Finlandiya millisinə 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu matç qonaqlar üçün əlamətdar olub. İtaliya millisi bu oyunda da qalib gəlməklə, Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsizlik seriyasını 36-ya çatdırıb. Bu, milli tarixində rekord hesab olunur. Sonuncu dəfə 2006-cı ilin sentyabrın 6-da Fransa millisinə 1:3 hesabı ilə məğlub olan italyanlar, həmin vaxtdan bəri keçirdikləri 36 oyunun 27-də qalib gəlib, 9-da bərabərliyə razılaşıb.

Eyni zamanda, millinin baş məşqçisi Roberto Mançini qələbə seriyasını 7-yə çatdırıb ki, bu da İtaliyanın 2003-cü ildən indiyədək göstərdiyi ən yaxşı nəticədir. Milli komanda sonuncu dəfə belə uğuru Covanni Trapattoninin məşqçiliyi dövründə əldə edib.

AÇ-2020-nin seçmə mərhələsində J qrupunda mübarizə aparan İtaliya millisi 18 xalla birinci pillədə qərarlaşıb.