İtaliya yığmasının üzvləri vaksinasiya olunacaq

İtaliya milli komandasının üzvləri AÇ-2020-nin oyunlarından əvvəl koronavirusa qarşı vaksinasiya olunacaqlar.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina açıqlama verib. Qravina, yığmanın bütün üzvlərinin vaksinasiya olunacaqlarını bildirib.

İtaliya yığması AÇ-2020-nin əsas mərhələsində İsveçrə, Türkiyə və Uelslə mübarizə aparacaq.

Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

AÇ-2020-nin təqviminə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.