
“İtaliya futbolunda durum tamamilə çıxılmaz vəziyyətə düşüb” – Yeni prezident
İtaliya Futbol Federasiyasının yeni rəhbəri Covanni Malaqo ölkə futbolundakı vəziyyətin çıxılmaz olduğunu bildirib. Əvvəllər 12 il MOK-a (Milli Olimpiya Komitəsi) rəhbərlik etmiş 67 yaşlı funksioner, İtaliyanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsinin ardınca istefa verən Qabriele Qravinadan sonra federasiya prezidenti seçilib. Komanda DÇ-2026-nın həlledici pley-off matçında Bosniya və Herseqovina millisinə penaltilərdə məğlub olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, seçkilər haqqında danışan Malaqo, həmin penaltilər seriyasına eyham vurub:
“Həmin penalti seriyası olmasaydı, bu gün burada olmazdım. Bir il əvvəl Qravina demək olar ki, yekdilliklə yenidən seçildi, ancaq təklif olunan islahatların heç birini həyata keçirə bilmədi.
Obyektiv olaraq, İtaliya futbolunda durum tamamilə çıxılmaz vəziyyətə düşüb. İdmanın muxtariyyətini müdafiə etməyə davam edəcəm, amma yanaşmamızı dəyişdirməsək, kimsə bizi buna məcbur edəcək. Bu, çox sadədir”.
Funksioner 2032-ci ildə keçiriləcək Avropa çempionatına da toxunub:
“Bu, bir çağırış daxilində unikal bir çağırışdır. Son bir neçə gündə UEFA prezidenti Aleksander Çeferinlə danışdım və artıq FİFA prezidenti Canni İnfantinodan mesaj aldım. Turnirə ev sahibliyi edəcək beş stadionu müəyyən etməliyik”.
Malaqo, milli komandalardakı “əcnəbi oyunçular”ın onu şoka saldığını söyləyib:
“2026-cı il dünya çempionatında iştirak edən oyunçuların 40 faizdən çoxunun doğulduğu ölkəni təmsil etməməsi məni şoka saldı. Mən doğulduğu ölkəyə görə vətəndaşlığın tərəfdarıyam, çünki bir çox futbol federasiyaları mövcud qaydalardan faydalanıb”.
Bizi Facebook-da izləyin



