İngiltərə millisinin üzvündən maraqlı vəd: “AÇ-2020-ni qazansaq…”

İngiltərə milli komandasının və “Vest Hem”in futbolçusu Deklan Rays azarkeşlərə maraqlı vəd verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İngiltərə yığması ilə AÇ-2020-ni qazanacaqları halda, həyatında ilk dəfə pivə içəcəyini deyib:

“22 yaşım var və bu günə qədər heç vaxt pivə içməmişəm. Bir bakal belə içməmişəm. İnsanlara təəccüblü gələcək, lakin belədir. Pivənin qoxusunu xoşlamıram və ona görə içməmişəm. AÇ-2020-ni qazansaq, içməyə cəhd edəcəm. Dadına baxacam, ancaq dərhal da tüpürəcəm”.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İngiltərə yığması turnirin qrup mərhələsində Xorvatiya, Çexiya və Şotlandiya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.