Messi – İngilislərin qənimi
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Yunayted” doğma azarkeşləri önündə “Barselona”nı qəbul edəcək.
Komanda.az xəbər verir ki, bu qarşılaşmadan əvvəl diqqət çəkən məqamlardan biri Kataloniya təmsilçisinin futbolçusu Lionel Messinin statistikasıdır. Argentinalı hücumçu Çempionlar Liqasında İngiltərə təmsilçilərinə ən çox qol vuran futbolçudur. Messi, ÇL-də ingilis klublarına 22 qol vurub.
Bu günə qədər “Barselona” formasıyla ÇL-də “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” və “Arsenal”a qarşı oyun keçirən Messi, Premyer Liqa təmsilçilərinə son 8 oyunda 12 qol vurub.
“Barselona” formasıyla İngiltərə təmsilçilərinə qarşı ilk 9 oyunda qol hesabını aça bilməyən hücumçu, ümumilikdə, ingilislərə qarşı 21 oyunda 22 qol vurub. Bu göstəricidə onun ən yaxın izləyicisi Kriştiano Ronaldodur. Hazırda “Yuventus”da forma geyinən portuqaliyalı hücumçu, İngiltərə klublarına qarşı ÇL-də 12 qol vurub.
“Mançester Yunayted” – “Barselona” oyunu bu gün keçiriləcək. “Old Trafford”da oynanılacaq görüş, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin