“İkinci dövrədəki 6:0 hesablı səfər qələbəsini unutmuşuq” – Qurban Qurbanov

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyun barədə fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “CBC Sport”a açıqlamasında, Qurbanov, yaxşı heyətə qarşı oynayacaqlarını deyib:

“İkinci dövrədəki 6:0 hesablı səfər qələbəsini unutmuşuq. Belə hesablar nadir hallarda olur. Bu, mövsüm ərzində hər komandanın başına gələ bilər. Hər zaman yaxşı komandaya qarşı oynadığımızı dərk etmişik. İnanıram ki, əvvəlki matçdakı hesabın bu qarşılaşmaya təsiri olmaz. Əksinə, futbolçular bu görüşə daha məsuliyyətli və ciddi yanaşmalıdırlar”.

Qurbanov, “Füzuli Məmmədovlu, yoxsa Samir Abasovlu “Neftçi”ni fərqləndirərdiz” sualına belə cavab verib:

“Həmişə həmkarlarıma hörmətlə yanaşmağa çalışmışam. Bir şeyi bilirəm ki, biz “Neftçi”yə qarşı oynayırıq. Fərqi yoxdur: orda kim olur-olsun, kim işləyir-işləsin. Bu komandanın adı və tarixinin özü motivasiyadır. Bu, bizim üçün ciddi siqnaldır. Bundan əvvəlki görüşdə Füzuli Məmmədov baş məşqçi idi, indi isə Samir Abasov. O, istənilən sistemdə oyuna çıxa və istənilən dəyişikliyi edə bilər. Biz bir neçə varianta hazır olmalıyıq”.

Fevralın 13-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:30-da başlayacaq.