“Hesab bizi aldada bilər, amma…” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasına qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:1 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Hesab bizi aldada bilər. Asan qələbə olmadı. Çox yaxşı komandaya qarşı oynadıq. Onların da qol imkanları oldu. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımı isə qucaqlayıram.

50 yaşlı mütəxəssis bildirib ki, nə qədər imkanları varsa, bir o qədər irəliyə getmək istəyirlər: “Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Hər oyunda belə qələbələr olmur. Çünki klubların səviyyələri fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq”.

O, pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri ev oyununun Bakı Olimpiya Stadionuna salınmasının mümkünlüyünə də toxunub: “Öz oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda oynamışıq. Bu məsələni Bakıda müzakirə edərik. İndi nəsə demək çox çətindir”.

Qurbanov rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörmətinin olduğunu söyləyib: “Çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyini deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik”.

Qurbanovun sözlərinə görə, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: “Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi”.

“Qarabağ” “Viktoriya”ya qarşı ilk oyununu 18 avqustda evdə, cavab görüşünü isə 25 avqustda səfərdə keçirəcək.