“Hatayspor”la “Qaziantep” Super Liqadan çəkilir – Rəsmi açıqlama

Türkiyənin “Hatayspor” və “Qaziantep” klubları Super Liqada çıxışını dayandırmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib.

Onun sözlərinə görə, bu klublar zəlzələ səbəbindən bu mövsüm ölkə çempionatında iştirak etmək istəmirlər: “Bununla bağlı TFF-yə məktub göndəriblər. Böyük ehtimalla, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik. Hər şeyə qarşıdakı günlərdə keçiriləcək İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək”.

Bu iki klubdan başqa, TFF 1-ci Liqada mübarizə aparan “Yeni Malatyaspor” da cari mövsümdə oynamaq istəmir. Bu barədə sözügedən klubun prezidenti Ahmet Yaman məlumat verib. O da bütün klub infrastrukturunun zəlzələdə dağıldığını bəyan edib və cari mövsümdə oynayacaq halda olmadıqlarını bildirib.

Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində ən son məlumatlara görə 17134 nəfər ölüb, 70347 nəfər yaralanıb. Hatay, Qaziantep və Malatya da zəlzələdən ən çox ziyan görən şəhərlər sırasındadır. Bu üzdən də sözügedən şəhərləri təmsil edən klubların radikal qərarları gözlənilən idi. Hətta “Hatayspor”un TFF-yə müraciətindən sonra komanda qurumun Rivadakı (İstanbul) bazasına yerləşdirilib. “Qaziantep”in də qısa zamanda İstanbulda məskunlaşması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button