“Hakimlikdən ümumiyyətlə məmnun deyiləm” – Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 7-ci turunun “Kəpəz”lə matçını şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
“Demək olar ki, rəqibdən hər cəhətdə üstün idik. Oyuna nəzarət bizim tərəfimizdə idi. Rəqibin heç bir qol fürsəti olmadı, amma heç nədən iki qol vurdular. Bu da əlbəttə ki, bizim problemimizdir. Təhlil edəcəyik. Bu gün qələbə qazanmalıydıq, amma bunu edə bilmədik.
Əlbəttə ki, hakimlikdən ümumiyyətlə məmnun deyiləm. Rəqib futbolçular oyunun bərpasını gecikdirirdilər, yerdə uzanırdılar. Belə davam edəcəksə, Azərbaycan futbolu inkişaf etməyəcək. Bir xal üçün bunları etmək düzgün deyil. Mənim komandam nə vaxtsa belə oyun sərgiləsə, futbolu atıb gedib başqa işlə məşğul olaram. Futboldan zövq almaq lazımdır. Bir il əvvəl eybi şeyləri “Şamaxı” edirdi. Bəlkə də bu cür davranışlar etməsəydilər, 1-ci Liqaya düşməzdilər.
Çox qəribə bir hal idi. Penalti epizodunda hakim iki metrdən görmürdü ki, VAR-a gedirdi? İnqilab Məmmədov həmişə bizim oyunda hakim olanda özündən nələrsə çıxarır. İstəməzdik ki, bu hakim bizim matçlara təyinat alsın.
Rəqabəti daha da artırmaq üçün qapıçılarla bağlı belə qərar verdik. Çünki, Yusif İmanov rahatlaşmışdı. Ona görə Rüstəm Samiqullinə imkan verdik, oynadı. Məğlubiyyətin günahkarı sadəcə Rüstəm deyil. Digər qapıçı Nicat Mehbalıyev isə əvəzedici komanda ilə məşq edir. Niyə? Bu suala rəhbərlik cavab verməlidir”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin