Həvəskar tennisçilər Ənvər Ənvərlidən ölkə başçısına şikayət etdilər

Azərbaycanda bir qrup həvəskar tennisçi və padel oyunçusu ölkə başçısına, gənclər və idman nazirinə müraciət ünvanlayıb. Həvəskar tennisçilər müraciətlərində Azərbaycan Tennis Federasiyasının yeni prezidenti Ənvər Ənvərlidən şikayət edərək, onun haqqında ölçü götürülməsini xahiş ediblər.

Komanda.az həmin müraciəti təqdim edir:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikası Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri cənab Yusif Məmmədəliyevə

Surəti: Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri cənab Şahin İsmayılova

Surəti: Azərbaycan Respublikası Gənclər və İdman naziri cənab Fərid Qayıbova

Bir qrup həvəskar tennisçi və padel oyunçuları tərəfindən

MÜRACİƏT

Möhtərəm Prezident!

Sizin digər sahələr kimi idmana önəm verməyiniz biz sıravi vətəndaşları həmişə qürurlandırıb. Azərbaycanda idmanın inkişafı, dünya arenalarında Azərbaycan idmançılarının uğuru birbaşa Sizin adınızla bağlıdır.

Bir çox idman federasiyalarının fəaliyyəti Sizin idmana dair göstəriş və tapşırıqlarınızın qüsursuz həyata keçirməsi nəticəsində Azərbaycanda beynəlxalq idman tədbirlərinin keçirilməsinə şərait yaradıb.

Lakin bəzi federasiyalar da var ki, idmana gəlir, korporativ maraqları prizmasından baxırlar. Belə federasiyalardan biri Azərbaycan Tennis Federasiyasıdır. Federasiyaya yeni təyin edilmiş Ənvər Ənvərlinin işi Azərbaycanda tennisin inkişafı yox, onu geri aparmaqdan ibarətdir. Bunun bariz nümunəsi beynəlxalq turnirlərdə Azərbaycan tennisçilərinin biabırçı formada uduzmaqlarını göstərmək olar.

Ənvər Ənvərli prezident təyin ediləndən sonra Bakı Tennis Akademiyası İctimai Birliyindən 4 tennis kortu icarəyə götürmüş və həmin kortlar boş qalmışdır.

Ənvər Ənvərli bununla kifayətlənməmiş, həvəskar tennisçilər və padel oyunçularının öz aralarında keçirdikləri mini-turnirə müdaxilə etməyə, turnir təşkil edən şəxslərə hədə-qorxu gəlməyə, öz səlahiyyət həddini aşaraq lazımsız tələblər irəli sürməyə, hər turnir üçün ödəniş tələb etməyə başlaması deməyə tam əsas verir ki, Ənvər Ənvərli öz maraqları naminə həvəskar tennisçiləri və padel oyunçularını özündən asılı vəziyyətə salır.

Ənvər Ənvərli bununla kifayətlənməyib, yaşı 65-dən yuxarı olan şəxslərin tennis oynamasına da qadağan qoyan göstəriş verib ki, bu da bir daha onu göstərir ki, səlahiyyət həddini aşır.

Ənvər Ənvərlinin uşaq tennisini inkişaf etdirmək əvəzinə bu cür mənasız işlərlə məşğul olması onu göstərir ki, o, üzərinə düşən işin öhdəsindən gələ bilmir.

Möhtərəm Prezident, Sizdən Azərbaycan Tennis Federasiyası və şəxsən Ənvər Ənvərlinin bu cür qanunsuzluğuna son qoyulması üçün müvafiq tədbirin görülməsi üçün göstəriş verməyinizi xahiş edirik.

Dərin hörmətlə”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button