“Gələn il daha yaxşı olmaq üçün çalışacağıq” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqanın 36-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Çempionat bitdi. Darıxacağıq. Gərgin mövsüm keçdi. Son oyunu qələbə ilə başa vurmaq istəyirdik. Qərb derbisi idi, bu oyunlar tarixdə qalır. Futbol baxımından rəqibdən üstün idik. Qol epizodlarını boşa verdik. Bu gün futbolçularım müdafiədə də yaxşı oynadılar. İki ildir burada yaxşı işlər görürük. Daha da yaxşı olması üçün çalışacağıq. Keçən il bəlkə də bu xalla avrokuboklara vəsiqə qazanmaq ehtimalı var idi.

Çempionat gedə-gedə heyətlə bağlı beynimizdə fikirlər var idi. Amma yenə də son oyunu gözləyirdik. Rəhbərliklə görüşümüz olacaq. Futbolçu göndərmək asandır, gətirmək isə çətin. Dəyişiklik olacaq.

Avrokuboklara getməyi bu il də istəyirdik. Gələn il qarşımıza avrokuboklara vəsiqə qazanmağa cəhd etməyi məqsəd qoyacağıq. Amma rəqiblərdən asılıdır. Bu il avrokuboklara gedən komandaların təcrübəsi, oturuşmuş heyəti var. Biz də çalışırıq ki, belə möhkəm komanda yığaq.

Tovuz azarkeşləri çılğındır. Sabah burada “Barselona” ilə oynasaq, yenə udmağımızı istəyəcəklər. Bu, yaxşıdır. Biz də onları sevindirməyə çalışırıq. Addım-addım getmək lazımdır. Hansı klublar tələsirdi, bu gün çempionatda yoxdur. Bölgələrdə bünövrəni çox möhkəm qurmaq lazımdır. Əsas komanda ilə kifayətlənmək olmaz. Bunlar olmasa, uğur müvəqqəti olacaq. İki illik təcrübəmiz var. Gələn il daha yaxşı olmaq üçün çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button