Futbolda peşəkar, həyatda həvəskar?

Huşəng

Bax, elə indicə son günlər çox populyarlaşan “worldometers.info” saytına baxırdım. Mənə görə, koronavirus pandemiyasının dünyada yaratdığı durumla bağlı ən etibarlı və operativ qaynaqdı. Saat 17.03-dü, dünyada ölü sayı 54465 və bunun 34280-i, faktiki üçdəikisi qitə futbolunda dəbi müəyyənləşdirən “böyük beşlik” ölkələrinin payına düşür. Əlbəttə, ölkədən-ölkəyə fərq var, məsələn, İtaliya, İspaniya və Fransadakı acınacaqlı durumun fonunda İngiltərədə vəziyyət nisbətən sabit, Almaniyada isə daha yaxşıdı. Bununla belə, Avropanın futbol və bir çox başqa aspektlər baxımından aparıcı sayılan ölkələrində ölü sayının bu qədər çox olması son vaxtlar müzakirələrin yönünə əlavə rəng qatıb. Bəli, söhbət futbolun, yəni Çempionlar Liqasının 1/8 final mərhələsinin virusun yayılmasındakı mümkün rolundan və bu üzdən UEFA-nın ünvanına yönələn sərt ittihamlardan gedir. Şübhə predmeti olan oyunlar hansılardı? İlk növbədə fevralın 19-da Milandakı “Cüzeppe Meatsa” stadionunda keçirilən, 44236 azarkeşin izlədiyi “Atalanta” – “Valensiya” oyunu bu gün qitə futbol qurumunun tənə yağışına tutulmasının əsas səbəbidi. İtaliya mənbələrinin fikrincə, məhz bu oyun Lombardiya əyalətində koronavirusun yayılma qaynağıdı. Bildiyiniz kimi, Lombardiya Apennində virusun mərkəzi sayılır. Məhz həmin oyunu izləmək üçün Berqamodan Milana 40 min fanat yollanmışdı ki, onlar arasında COVID-19 daşıyıcılarının olması artıq heç kimdə şübhə doğurmur. Lap tutaq ki, həmin oyun fevralda keçirilib və heç kim virusun dünyanı belə sürətlə ağuşuna alacağını gözləmirdi. Bəs martın 1-də İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən “Real” – “Barselona” (78357), martın 11-də yenə ÇL çərçivəsində keçirilən “Liverpul” – “Atletiko” (52267) oyunlarına nə deyirsiz?


UEFA prezidenti Aleksander Çeferin bu gün rəhbərlik etdiyi qurumun ünvanına yönələn ittihamları, iddiaları ən sərt şəkildə cavablaya, “bu axmaqlıqdı” deyə bilər. Amma onun sərt cavabı reallığı dəyişmir. Bəli, UEFA-nın, eləcə də ölü sayı 11 minə çatan İspaniyanın futbol qurumunun ən azı mənəvi məsuliyyət daşıması ciddi müzakirə mövzusudu. Artıq martın əvvəlindən dünyada və onun ürəyi sayılmağa layiq Avropada koronavirusun sürətlə yayılmasından söhbət gedir, ağlı başında olan adamlar həyəcan təbili çalırdı. Martın 17-də AÇ-2020-nin təxirə salınması haqda qərar da günlərdi davam edən müzakirə və mübahisələrin nəticəsi idi. Belədə həmin qərardan 6 gün əvvəl 50 mindən artıq adamın izlədiyi oyunu keçirmək hansı məntiqə sığır?


Ümumiyyətlə, futbolda peşəkarlıq etalonu sayılan ölkələrin insanların sağlamlığı ilə bağlı məsələdə həvəskar kimi yaxalanması acı təəssüf doğurur. İtaliya və İspaniyanın tibb ocaqlarında yaranan durumdan, bəzi hallarda dünyasını dəyişənləri dəfn etməyin belə mümkünsüz olmasından hamınız xəbərdarsız. Bəlkə də başqa ölkələrdə virusa yoluxanların sayı daha çoxdu, sadəcə, onların tibb infrastrukturu bu gün bütün xəstələri üzə çıxarmağa imkan vermir, bəlkə də Allah eləməmiş, hələ bir çox başqa ölkədə də pandemiya zirvə nöqtəsini yaşamayıb – bilmirəm və açığı, bunu öyrənməyə o qədər həvəsli də deyiləm. Bildiyim isə odu ki, bizlərin, yəni Azərbaycan kimi ölkələrdə yaşayanların futbolda az qala büt gözündə gördüyü, ideallaşdırdığı, oxşamağa çalışdığı həmin İtaliya, İspaniya, Fransa bu gün elə fəlakət zonasına çevrilib ki, adamlar elə sürətlə vəfat edirlər ki, adam nə deyəcəyini, kimi suçlayacağını da bilmir. Adətən, adamları birləşdirməyə xidmət edən futbol bu ölkələrin indiki duruma düşməsində hansısa dağıdıcı rol oynayıbsa, buna yalnız təəssüflənmək olar.

Heç şübhəsiz, həyatda futboldan da vacib məsələlər var. Bu gün hər kəs təkcə özünün yox, yaxınlarının, millətinin və bəşəriyyətin də ayaqda qalması, mövcud olması ilə bağlı qayğıların, narahatlığın içindədi. Yoluxanların, ölənlərin sayının həndəsi silsilə ilə artması adamı istər-istəməz düşünməyə məcbur edir. Çox tezliklə belə sönük, futboldan, idmandan uzaq qaldığımız günlərin başa çatacağına, yenidən yarış həyəcanı yaşayacağımıza inanıram. Hələlik isə o günlər üçün özünüzü qoruyun və… futbola baxın! (Futbol+)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button