Elxan Məmmədov UEFA İK-nın iclasında hesabat verdi

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov videobağlantı vasitəsilə iclasa qoşularaq rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə hesabat verib.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin iclasında bir sıra vacib qərarlar qəbul olunub. Müzakirə olunan məsələlərdən biri də Azərbaycan təmsilçilərinin (milli və klub komandaları) ev oyunlarının neytral meydanda keçirilməsi ilə bağlı bu ilin oktyabrında qəbul olunmuş qərara yenidən baxılması olub.

Müzakirələrdən sonra bu məsələ ilə bağlı qəbul olunmuş qərarı diqqətinizə çatdırırıq:

İki ölkə arasında atəşin dayandırılması barədə 10 noyabr 2020-ci tarixli razılaşma və bu xüsusda bütün digər məqamlar nəzərə alınaraq, hesab olunur ki, hər iki ölkədə UEFA oyunlarının keçirilməsi üçün şərtlər yerinə yetirilə bilər.

Beləliklə, UEFA İcraiyyə Komitəsi UEFA oyunlarının Azərbaycanda və Ermənistanda keçirilməsi ilə bağlı 2020-ci il oktyabrın 20-də qəbul olunmuş qadağanın ləğv olunması barədə qərar qəbul edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button