Deşam: “İraq millisi ilə oyunda heç bir arxayınçılığa yol verməyəcəyik”

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının ikinci turunda İraq yığmasına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis rəqibi əsla kiçiltmədiklərini bildirib:

“İraq millisinin gücünü kiçiltməməliyik. Bu, kiçik komanda deyil. Onlar həm İspaniya, həm də Boliviya milliləri ilə oyunlarda keyfiyyətlərini nümayiş etdiriblər. Ola bilər ki, heyətdə müəyyən dəyişikliklər edək, amma məqsədimiz dəyişməyəcək – qələbə qazanmaq. İraq yığması ilə oyun asan keçməyəcək və biz bunun sadə qarşılaşma olacağını düşünməməliyik”.

O, İraq millisinin oyun üslubunu da dəyərləndirib:

“İraq millisi adətən 4-4-2 sxemi ilə çıxış edir və hücum xəttində çox güclü futbolçulara malikdir. Oyunçular meydanda nə etməli olduqlarını yaxşı bilirlər. Komanda daxilində ahəng və texniki baxımdan yüksək uyğunluq var. Hətta heyətdə dəyişikliklər olsa belə, bu hiss olunmur. Kağız üzərində zəif görünməsi komandanın asan rəqib olması anlamına gəlmir. Futbolda nəzəri baxımdan daha güclü hesab edilən komandaları məğlub edən çox sayda nümunə var”.

Fransa millisinin çalışdırıcısı komandasının oyuna ciddi yanaşacağını vurğulayıb:

“Hər matça necə hazırlaşırıqsa, buna da eyni həvəs və iddia ilə çıxacağıq. Heç bir arxayınçılığa yol verməyəcəyik”.

Deşam, həmçinin, komandanın hücumçusu Osman Dembelenin son durumu barədə danışıb:

“Dembele tam bərpa olunub. Onun heç bir problemi və ya ağrısı yoxdur. Mövsüm ərzində müntəzəm oynamaq imkanı tapmamışdı. Hazırda onun üçün heç bir məhdudiyyət yoxdur. Əminəm ki, oyun praktikası artdıqca forması daha da yaxşılaşacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button