
“11 nəfərlə qalsaydıq, “Zirə”ni uda bilərdik” – MÜSAHİBƏ
“Şamaxı” dünən Azərbaycan Premyer Liqasının 26-cı turunun son matçında “Zirə”nin qonağı oldu. Qarşılaşma 1:1 hesabı ilə başa çatdı.
Oyundan sonra “şirlər”in portuqaliyalı yarımmüdafiəçisi Dioqo Balau Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Qırmızı vərəqənin komandanızın çıxışına nə dərəcədə təsiri oldu?
– Şübhəm yoxdur ki, 11 nəfərlə qalsaydıq, bu oyunu uda bilərdik.
– Amma o qədər də epizodlarınız olmadı. Nəyə güvənərək belə düşünürsən?
– Bizim oyun üslubumuz belədir. Müdafiədə səbirli olub, gözləyirik, gözləyirik, möhkəm müdafiə olunuruq. Və boşluq taparaq oradan hücum edirik. Bu şəkildə bir çox komandanı cəzalandırmışıq.
– “Şamaxı” nə avrokuboklar uğrunda mübarizə aparan deyil, nə də Premyer Liqanı tərk etməyə namizəddir. Bəs, komandaya motivasiya verən nədir?
– Bizim hazırkı motivasiyamız odur ki, özümüzü sübut edək. Mümkün qədər turnir cədvəlində irəli gedək və daha yaxşı oynayaq, özümüzü daha yaxşı sübut edək. İstədiyimiz sadəcə budur.
– Qırmızı vərəqə aldın və həmin epizodla bağlı çox da reaksiya vermədin. Deyəsən, artıq qəbul etmişdin. Yoxsa, VAR-ı gözləyirdin?
– Öncə VAR-ı gözlədim və məni tanıyanlar bilir ki, meydançada çox reaksiya verən biri deyiləm. Amma oyunun 6-cı dəqiqəsində bundan da ağır bir epizod bizə qarşı olmuşdu və sarı vərəqə belə, göstərilmədi. Çox bənzər bir epizod idi. Sadəcə, bunu deyə bilərəm.
– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız və sən komandana kömək edə bilməyəcəksən. Buna görə üzülürsən? Necə düşünürsən, “Şamaxı” üçün sənsiz çətin olacaq?
– Bizim Edqar Adilxanov, Həbib İsmayılov kimi bu mövqedə oynaya bilən oyunçularımız var. Bu da onlar üçün özlərini göstərmək baxımından bir şansdır. Yaxşı formadadırlar. Mən olum, olmayım, fərqi yoxdur, komanda əlindən gələni edəcək. Təbii ki, oyunda olmayacağım üçün üzülürəm.
– Azərbaycanın U-20 millisinin yeni baş məşqçisi, həmyerlin Ruy Jorjeni tanıyırsan? Jorje Bakıya gələndən onunla hansısa əlaqən olubmu?
– Futbolçu olduğu vaxtlarda tanıyırdım, amma məşqçi olaraq xüsusi tanışlığım yoxdur.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



