Avroliqanın ən güclüsü – “Sevilya”!

Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, final matçında İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” üz-üzə gəlib.

Oyun Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da keçirilib və saat 23:00-da başlayıb. Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci final matçı olub.

Turnirin rekordçusu olan “Sevilya” indiyə qədər keçirdiyi 6 final oyununun hamısında qalib gəlməyi bacarmışdı. “Roma” isə yalnız 1991-ci ildə finala çıxmışdı və həlledici görüşdə İtaliyanın digər komandası “İnter”ə məğlub olmuşdu.

Hər iki komanda daxili çempionatda ilk dördlüyə düşə bilmədiyindən, Avropa Liqasını qazanmaq onlar üçün çox vacib idi. Çünki qalib gələcək komanda növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququna yiyələnəcəkdi.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Bu üzdən də penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sevilya” yenə bu turnirdə ən güclü olmağı bacarıb.

UEFA Avropa Liqası

31 may

Sevilya (İspaniya) – Roma (İtaliya) 1:1 (penaltilər 4:1)
Qol: Canluka Mançini, 55-öz qapısına – Paulo Dibala, 35.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”

Sevilya: Yassin Bunu, Aleks Telles, Nemanya Qudel, Loik Bade, Xesus Navas (k), İvan Rakitiç, Fernando, Brayan Xil, Oliver Torres, Lukas Okampos, Yussef En-Nesiri.
Roma: Rui Patrisio, Kris Smollinq, Canluka Mançini, Rocer İbanyes, Leonardo Spinatsola, Nemanya Matiç, Brayan Kristante, Zeki Çelik, Paulo Dibala, Lorenstso Pelleqrini (k), Temmi Abraham.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button