“Barıt”ını çox etdiyimiz Emreli

Kürşad

Mahir Emreli haqda mətbuatda, sosial şəbəkədə yazılanları oxuyanda adamda elə təəssürat yaranır ki, adam “Qarabağ”dan “Qarabağ”ın qapazaltı etdiyi “Legiya”ya yox, “Barselona”ya, ya da “Real”a keçib, hər oyunda meydana çıxıb qollar vurur.

Anlayıram, futbol adına bütün bu ümidsizliyin, qəhərin, kədərin içində işıq, pozitiv nəsə axtarırsız. Amma Emreli ilə bağlı məsələ yazılıb şablona çevrildiyi kimi deyil axı. Emreli “Napoli”yə qolu “Qarabağ”ın formasında da vura bilərdi, “Napoli” olmasa da, avrokuboklarda fərqli komandalara qollar vururdu da, qolları batırırdı, azarkeşlərin əsəblərini tarıma çəkirdi də. Necə ki, indi “Legiya” azarkeşlərinin əsəbləriylə oynayır. Adam oktyabr üçün “Legiya”nın heyətində ayın ən zəif futbolçusu seçilmişdi, “Pyast”a uduzduqları oyunda topu dirəklərə vuraraq yazıq Mixneviçin baş məşqçi postundan qovulmasına birbaşa səbəb oldu. Mahirli “Legiya” Polşa çempionatında bizim milli komanda kimi, gələnə-gedənə uduzur, Avropa Liqasında son oyunlarda qələbəyə həsrət qalıb. Mahir Emreli artıq bizim deyil, “Legiya” azarkeşlərinin əsəbləriylə oynayırsa, bu, onunla bağlı danışarkən “parlaq karyera” təşbehlərindən istifadə etmək ehtiyacının doğmasına səbəb olmamalıdır. Mahir erməni Henrix Mxitaryan deyil, heç İsveç millisinə iki qol vuran, “Tottenhem”in 20 milyon avroya transfer etmək istədiyi gürcü balası Xviça Kvaratsxeliya da deyil. Olmasını istərdik, amma deyil. “Barıt”ı çox edirik, sonra əlimizdə partlayır…