Azərbaycan millisinin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

Futzal üzrə dünya çempionatının əsas mərhələsində Azərbaycan millisinin rəqiblərindən olacaq Monteneqro yığması beynəlxalq turnirdə iştirak edəcək.

Komanda.az xəbər verir ki, sentyabrın 20-dən 26-dək Nikşiç şəhərində təşkil olunacaq turnirdə rəqibimizdən başqa Norveç, Türkmənistan, Belçika, Qrenlandiya və Səudiyyə Ərəbistanı yığmaları güclərini sınayacaqlar.

Artıq püşk atılıb. Monteneqro millisi sentyabrın 22-də Norveçlə, bir gün sonra Türkmənistan yığması ilə qarşılaşacaq. Sentyabrın 25-də keçiriləcək oyundakı rəqib isə komandaların qrupdakı mövqelərinə uyğun müəyyənləşəcək. Baş məşqçi Sveto Ljesar hazırlıq prosesinə və oyunlara bu futzalçıları dəvət edib:

Milun Sekulic, Petro Perosevic, Marko Spasojevic, İvan Muqosa, Zoran Barovic (hamısı “Titoqrad”), Danilo Vuçeçit, Eldin Corovic, Nikola Minic (hamısı “Brskovo”), Jovan Popovic (“Tələbə Evi”), Luka Vuletic (“Kataro 2019”), Miloş Lujujiç (“Konjarnik”, Serbiya), Vaso Dubak (“Berane”), Kosta Vukovic (“Bajo Pivljanin”) və Yovica Gacevic (“Yedinstvo”).

Qeyd edək ki, Azərbaycan və Monteneqro komandaları arasında dünya çempionatının oyunu oktyabrın 24-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək.