Azərbaycan çempionatının reqlamenti dəyişdirildi

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarının 2022/2023 mövsümündə iştirak edən komandalarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

Komanda.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan görüşdə qurumun vitse-prezidenti Əbülfəz Hüseynov və federasiyanın baş katibi Fərid Xəlilov komandalara yeni ildə uğurlar arzulayıblar.

Hüseynov bildirib ki, Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” olduğundan, federasiya ilin tədbirlər planına bəzi əlavə və dəyişikliklər edib: “Bildiyiniz kimi, biz mövsümün əvvəlində Yüksək Liqa yarışlarının qalibinin altı dövrədən sonra məlum olacağını bildirmişdik. Mart, aprel və mayda müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan turnir və yarışlarımızı keçirəcəyik. Bütün bunları nəzərə alaraq, Yüksək Liqa yarışlarının əsasnaməsinə bəzi əlavələr edilib. Belə ki, həm kişi, həm də qadın voleybolçular arasında keçirilən Yüksək Liqa yarışlarında komandalar dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq. Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçün yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq”.

Baş katib Fərid Xəlilov qeyd edib ki, əsasnaməyə edilən dəyişikliklər ölkə çempionatının gərginliyini və marağını daha da artıracaq. Onun sözlərinə görə, qarşıda klubları maraqlı yarış və turnirlər gözləyir. Həmin yarışlarda iştirak edəcək komandaların sayı Yüksək Liqa ilə müqayisədə çox olacaq. Xəlilov vurğulayıb ki, bu yarışlarda Birinci Liqa komandalarının da iştirakı planlaşdırılır.

Görüşdə iştirak edən klubların razılığı əsasında Yüksək Liqanın əsasnaməsinə əlavə və dəyişikliklər edilib. Yüksək Liqada komandalar nəzərdə tutulduğu kimi altı dövrə yox, dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button