“Atalanta”dan tarixi uğur

İtaliyanın “Atalanta” klubu tarixi uğura imza atıb.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi ilk dəfə UEFA Çempionlar Liqasında pley-offa yüksəlib.

Maraqlıdı ki, sözügedən komanda ümumiyyətlə Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə mübarizə aparırdı. Amma debüt mövsümündəki ilk oyununda Zaqreb “Dinamo”suna 0:4 hesabıyla uduzmasına, ardından “Mançester Siti” və Donetsk “Şaxtyor”una məğlub olmasına baxmayaraq, sözügedən komanda son üç oyunda bu rəqiblərindən qisas almaqla pley-offa vəsiqəni təmin edib.

Öncə doğma meydanda “Mançester Siti” ilə heç-heçə (1:1) edən “Atalanta”, “Dinamo”ya 2:0, bu gün isə “Şaxtyor”a 3:0 hesabıyla qalib gəlməklə böyük sürprizə imza atıb. 14 xalla qrup lideri olan “Mançester Siti”nin ardından 7 xalla ikinci olan İtaliya təmsilçisi “Şaxtyor”u 1, “Dinamo”nu 2 xal qabaqlayıb.