
Trampdan DÇ-2026-ya “bəy tərifi”
ABŞ prezidenti Donald Trump 2026-cı il dünya çempionatının rekord göstəricilərlə yadda qaldığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçirilən mundial barədə danışan Tramp, turnirin həm stadionlara tamaşaçı axını, həm də televiziya reytinqləri baxımından yeni zirvələr fəth etdiyini vurğulayıb:
“Bildiyiniz kimi, son bir neçə həftə ərzində Amerika böyük qürur hissi ilə dünya çempionatına ev sahibliyi edir. Turnir tamaşaçı sayı və televiziya reytinqləri baxımından rekordlar qırır. Belə göstəricilər əvvəllər olmayıb. Kim düşünərdi ki, bu baş verəcək? Deyirlər ki, futbol bizim əsas idman növümüz deyil, amma bütün bunlar reallıqdır.
Dostum, FİFA prezidenti Canni İnfantinonu təbrik etmək istəyirəm. Onunla işləmək çox xoşdur. O, əldə olunan nəticələrdən çox məmnundur. Demək olar ki, hər gün Super Bovl (ABŞ-nin ən böyük idman tədbiri hesab olunur) keçirilir”.
Prezident, Los-Ancelesdə Türkiyə millisinə qarşı keçiriləcək oyundan əvvəl ABŞ yığmasına da uğurlar arzulayıb:
“Əminəm ki, hər kəs mənə qoşularaq ABŞ millisinə uğurlar arzulayacaq. Komanda əla çıxış edir”.
Tramp daha əvvəl də DÇ-2026-nın tarixdəki ən uğurlu mundial olduğunu iddia etmişdi:
“FİFA heç vaxt biletləri bu qədər sürətlə satmayıb. Canni əla rəhbərdir. O da bildirib ki, əvvəllər buna bənzər hadisə yaşanmayıb”.
Bizi Facebook-da izləyin



