AMADA 6 rayonda narkotiklə mübarizəyə həsr olunan tədbir keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində daha 6 rayonu əhatə edən antidopinq maarifləndirmə tədbirləri həyata keçirib.

Qurumdan Komanda.az-a verilən məlumata görə, budəfəki təlimlər Elm və Təhsil Nazirliyi və AMADA-nın birgə təşkilatçılığı ilə nazirliyin Lənkəran- Astara Regional Təhsil İdarəsinə tabe olan idman məktəblərini, habelə “Təhsil” Respublika İdman Mərkəzinə tabe olan Uşaq Gənclər İdman Şahmat Məktəblərini əhatə edib.

Cənub bölgəsinə aid olan Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarında keçirilən antidopinq təlimləri idmançıların və onların köməkçi heyətinin marağına səbəb olub. Tədbirlərdə 11 idman növünü təmsil edən təxminən 700 idmançı, müəllim, məşqçi və idman məktəblərinin rəhbərliyi iştirak edib.

Təlimlərdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, bundan bəhs edən videoçarxlar nümayiş etdirilib. Azyaşlı, yeniyetmə və gənc idmançılarla maraqlı interaktiv sorğular və testlər keçirilib. Təlimlərdə xüsusi ilə seçilən idmançılara AMADA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Təlimlər çərçivəsində narkotiklərlə mübarizə mövzusu xüsusi yer tutub. İdmançılara narkotiklərin zərərləri, onun törətdiyi fəsadları haqqında məlumatlar verilib, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzinə malik olmaq üçün idmanın əhəmiyyəti vurğulanıb.

AMADA “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində silsilə tədbirlərini davam etdirəcək və təlimlər digər regionları da əhatə edəcək.

Xatırladaq ki, daha əvvəl AMADA Gəncə şəhəri, Yevlax, Şəmkir, Göygöl, və Tovuz rayonlarında antidopinq və narkotiklə mübarizə maarifləndirmə tədbirləri keçirmişdir. Goranboy rayonunda baş tutan analoji tədbir isə regional xarakterli olmuş və maarifləndirmə proqramına bu rayonla yanaşı Gəncə, Mingəçevir, Bərdə, Göygöl və Naftalandan olan idmançı və məşqçilər də iştirak etmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button