Ailtonu APOEL-dən “gizlədin”! – Bəhlul Mustafazadə qocalıb?

Vüqar Məmmədov

“Neftçi” – “Qarabağ” oyunundan dərhal sonra matçı yayımlayan telekanal baş məşqçilərdən və kapitanlardan isti-isti müsahibə götürdü. Jurnalist “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova “Nefçi”nin daha çox sağ cinahdan hücum etməsi barədə sual verdi. Bu zaman mən xatırladım ki, APOEL də “Qarabağ”a qarşı oynadığı son iki matçında hücumlarını əsasən sağ cinahdan, yəni ağdamlıların sol cinahından qururdu. Bu nə ilə əlaqədar ola bilər?

APOEL Ailtonu “qaralayıb”

Bunu rəqiblərin bilərəkdən hazırladığı taktiki gediş kimi başa düşmək olar. Sirr deyil ki, hər bir komanda oyundan əvvəl rəqibini diqqətlə öyrənir və taktikasını buna uyğun qurur. Belə görünür ki, “Neftçi”nin də, APOEL-in də məşqçilər heyəti “Qarabağ”ı çözərkən eyni nəticəyə gəliblər. Bu nəticəyə gəliblər ki, Ailton Silvanın oynadığı cinah, Maksim Medvedevin cinahı və mərkəzlə müqayisədə o qədər də güclü deyil, boşluqlar var. Bəs bu boşluğu necə izah etmək olar? Düşünürəm ki, bu ya Ailtonun müdafiə keyfiyyətlərinin aşağı olması ilə əlaqədardır, ya da, o, daha çox hücuma qoşulur, bu səbəbdən vaxtında geri qayıda bilmir, nəticədə bu zonada boşluqlar yaranır. Açığı, mən “Qarabağ”ın Avroliqa oyunlarına bir azarkeş kimi baxdığımdan, əsl səbəbi təhlil edə bilməmişəm. Çünki oyuna emosional şəkildə baxanda onu təhlil edə bilmirsən. Əlbəttə, əsl səbəbi yəqin ki, “Qarabağ”ın məşqçi heyəti bilir və buna çözüm də tapacaq.

APOEL-in baş məşqçisinin bizim komandada diqqətini çəkən başqa bir məqam da çox güman ki, “Qarabağ”ın mərkəz müdafiəçilərinin topu ayaqlarında idarə etməklə, yəni texnika ilə bağlı problemlərinin olduğu qənaətinə gəlməsi, bu səbəbdən irəlidəki oyunçulara müdafiəçilərin üstünə çox getməyi, yəni pressinq etməyi tapşırması ola bilər. Çünki oyun zamanı biz belə hallara şahidlik edirdik. Təsadüfi deyil ki, bu pressinqlərdən birinin nəticəsində, sonradan xeyli müzakirəyə səbəb olacaq (hətta bununla bağlı verilən sual Qurban Qurbanovun mətbuat konfransında sərt reaksiyasına və bu reaksiyanın tənqidinə gətirib çıxarmışdı) Rəşad Sadıqovun qolla nəticələnən səhvi baş verdi.

Ümumilikdə, “Qarabağ”ın APOEL-dən güclü olması göz önündədir. Statistika da bunu sübut edir. Sadəcə, onlar bizim komandanı diqqətlə öyrənib, zəif nöqtələri taparaq, həmin nöqtələri “döyəclədilər” və istəklərinə qismən çatdılar. Belə görünür ki, komandamıza Avroliqa səfərində asan olmayacaq. Amma rəqibi və rəqibin əks-həmlələrini ciddi şəkildə öyrənib, həm onların “döyəclədiyi” nöqtələri möhkəmlətməklə, həm də, APOEL-in zəif nöqtələrini tapıb, həmin yerlərdən həmlə etməklə, işin öhdəsindən gələ bilərlər. Təbii ki, bəxt də yanımızda olmalıdır. Qurban Qurbanov kifayət qədər güclü analitikdir, düşünürəm ki, o, bütün xırda detalları incələyib tədbir görmək iqtidarındadır. Təbii ki, komandası ilə birlikdə.

Qurban Qurbanov – bu dəfə fərqli

“Qarabağ”ın “Neftçi” ilə oyunundan sonra Qurban Qurbanovun matçı yayımlayan telekanala verdiyi müsahibədə digər bir məqam, cavablarının həmişəkindən fərqli olması idi. Onun bu müsahibəsinəki fərqi yəqin ki, təkcə mən yox, diqqətlə dinləyən və baxanlar da sezməmiş olmaz. Qurbanov bir neçə suala ətraflı cavab verdi. Əvvəllər isə o, adətən çox qısa və ümumi danışırdı. Onun belə ətraflı məlumat verməsi, sual verənin də danışdıra bilməsi bacarığı ilə əlaqədar ola bilər. Bu, istisna deyil. Amma Qurbanovun təkcə danışığında deyil, xarici görünüşündə də fərq görünürdü. Yəni bir qədər sınıxmış, solğun görünürdü. O, danışarkən oyunçularının performansını tənqid etdi. Məsələn, Mahir Mədətovdan narazı qaldığını və sol cinahda oynayan Ailtonun oyunun sonuna yaxın yorulduğunu vurğuladı. Düzdür, ardından bəraət də qazandırdı. Mahirin zədədən yeni qayıtdığını, Ailtonun son iki həftədə üç oyuna çıxdığını əsas gətirərək, onların bu cür çıxışlarını anlayışla qarşıladığını əlavə etdi. İlk baxışda bu müsahibədə qeyri-adi heç nə görünməz. Amma Qurbanovun əvvəllər belə ətraflı danışdığını şəxsən mən xatırlamıram. Həmişə ümumi və qısa danışıb.

Onun xarici görünüşündəki diqqətçəkən dəyişikliyi də nəzərə alsaq, düşünürəm ki, bunun səbəbi APOEL-lə son ev oyunundan sonra jurnalistin sualına sərt reaksiya verməsi və buna görə tənqid edilməsidir. Yəqin ki, hardasa özünü günahkar bilir. Bir haşiyəyə çıxaraq qeyd edim ki, günahkar hiss etmək abırlı adamlara məxsus xüsusiyyətdir, həyasızlarda bu olmur.

“Qırmızı kitab”a düşəcək adamlar

APOEL-lə oyunsonrası mətbuat konfransında Qurbanovun sərt reaksiyasına qayıdaraq, deyə bilərəm ki, o, bir baş məşqçi kimi haqlıdır. İzah etməyə çalışaq. Rəşadın karyerasını bitirməli olduğu haqda sosial şəbəkələrdə müzakirələr barədə verilən suala Qurbanovun reaksiyası öz futbolçusunu qorumaq instikti idi. Burda söhbət təkcə Rəşaddan getmir. Digər futbolçusu barədə də bu cür danışılsaydı, əminəm ki, Qurbanov onları da müdafiə edəcəkdi. Çünki əvvəllər bunun şahidi olmuşuq.

Məncə, Qurbanovun cavabı sərt də olsa, düzgün addım idi. Ailə daxilinə müdaxilə ailə başçısı tərəfindən necə sərt qarşılanmalıdısa, elə də qarşılandı. Kimin gedib, kimin qalmasına baş məşqçinin qərar verməli olduğu halda, başqalarının qərar verməsi, özünə dəyər verən başçını əsəbiləşdirər. Bu, istər ailə olsun, istər komanda olsun, istərsə də dövlət. Sadəcə, həmin an qarşısındakı sual verən jurnalist olduğundan, onu sərt qarşıladı. Başqa biri olsaydı, həmin adama da sərt cavab verərdi.

Baş məşqçini günahkar çıxarıb, səhv etdiyi düşüncəsi yaratmaq lazım deyil. Bu, məşqçinin psixologiyasına mənfi təsir edir. İnsanı yerli-yersiz tənqid edəndə onda özünəinam azalır. Bir məşqçi üçün isə özünəinam çox vacibdir. Qurbanovun son, yuxarıda haqqında danışdığım müsahibəsində müəyyən qədər psixoloji narahatlıq keçirdiyi hiss olunurdu. Məhz oyunçularını, Mədətovu, Ailtonu tənqid etməsi də bunun nəticəsi idi. Amma dərhal sonra onlara bəraət qazandırması, hər şeyin qaydasında olmasını göstərir. Deməli, komandaya tam şəkildə nəzarət edə bilir. Yəni tənqidlər psixoloji “yaralar” vursa da, hansısa ciddi zədələr yaratmayıb.

Bütün dünyada tanınmış komandaları müzakirə edirlər, oyunçuları, məşqçiləri tənqid edirlər. Görünür, bu bizdə də belədir və yəqin ki, belə də davam edəcək. Öndəsənsə, tanınırsansa, haqlı-haqsız müzakirə olunacaqsan.

Bizdə bacarıqlı, işini vicdanla, keyfiyyətli görən adamlar azdır, həm də çox azdır. Az qala, belə adamlar “Qırmızı kitab”a düşəcək qədərdir. Bu adamlardan biri də Qurban Qurbanovdur. Düşünürəm ki, biz belə adamları qorumalıyıq. Bu qədər sadə…

Bəhlul Mustafazadə qocalıb?

Böyük perspektiv vəd edən, bir çoxunun, o cümlədən də mənim bəyəndiyim Bəhlul Mustafazadə sonuncu turda, “Sabah”ın “Qəbələ”yə qarşı oyununda Rəşad Sadıqovun səhvinə bənzər səhv etdi. Oyunun təxminən 23-cü dəqiqəsində “Qarabağ”ın kapitanının səhvi ilə müqayisədə çox rahat sayıla biləcək vəziyyətdə, pressinq nəticəsində topu itirdi. Sadəcə, Saşa Stamenkoviç təkbətəkin qarşısını ala bildi. Eyni səhvi gənc futbolçu da edirsə, bu necə izah edilə bilər? Belə çıxır ki, Bəhlul da qocalıb? Rəşadın APOEL-lə oyundakı səhvi çox müzakirə olunub və çoxu bu səhvin yaşla bağlı olduğunu vurğulayıb. Amma düşünürəm ki, səhv yaşla bağlı deyil. Həmin epizoda dəfələrlə baxmışam, çəkilişin görüntüləri ideal olmasa da (məlum olduğu kimi, telekanal həmin an bundan əvvəlki, o qədər də vacib olmayan epizodun təkrarını verirdi) müəyyən rəy vermək mümkündür. Düşünürəm ki, bu səhv topun narahat ötürülməsi, rəqibin həmin an pressinq etməsi və Rəşadın texnikası ilə bağlı idi. Texnika isə heç zaman itmir, nə qədər qocalsan da. Uşaqlıqda, yeniyetməlikdə, gəncliyində nə yığmısansa, daim səninlə olur. Yaşlaşanda futbolçu fiziki cəhətdən  zəifləyə bilər, amma texnikası necədirsə, elə də qalır. Yəni, Rəşadın səhvi fiziki cəhətlə bağlı olsaydı, onda bunu qocalıqla əlaqələndirmək olardı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button