AFFA-nın 5 min manatı, dağılmaqda olan kompleks – Yazı+Fotolar

2004-cü ildən başlayaraq Azərbaycanın idman həyatında canlanma yarandı. Müxtəlif futbol klubları yaradıldı, ölkənin xeyli rayonunda idman komplekslərinin inşasına start verildi. Belə idman komplekslərindən biri də Zaqatalada inşa olundu. 2006-cı ildə istifadəyə verilən kompleks ilk vaxtlar görünüşü ilə göz oxşayırdı. Amma indi…

İndi Zaqatala Olimpiya İdman Kompleksi öz miskin görkəmi ilə ürək ağrıdır. Kompleks baxımsızlıqdan hər gün dağıla-dağıla gedir.

Hazırda Zaqatala Olimpiya İdman Kompleksində yarış adına yalnız futbol oyunları keçirilir. Birinci divizionda çıxış edən “Zaqatala” klubu ev oyunlarını kompleksin stadionunda keçirir. Buna görə də, “Zaqatala”, yəni klubun himayəsində olduğu AFFA kompleksə ayda 5000 manat icarə pulu ödəyir.

Kompleks Azərbaycan Gənclər və İdman Nazirliyinin balansındadır. Kompleksin təmiri üçün ya heç bir vəsait ayrılmır, ya da ayrılsa da, heç bir iş görülmür.

Zaqatala Olimpiya İdman Kompleksində üzgüçüluklə məşğul olmaq istəyənlərdən təxminən iki saat üçün 3 manat alırlar. Həmçinin, kompleksdə mini futbol meydançası da var ki, burdan bir saatlıq istifadənin qiyməti 20-25 manat edir. Kompleksin ərazisində yayda turistlər qalır. Amma turistlər üçün nəzərdə tutulan otaqların da bir hissəsi artıq dağılıb, sökülüb, bir sözlə, fəaliyyətini dayandırıb.

Zaqatala Olimpiya İdman Kompleksinin durumu ilə bağlı gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlamaq istədik. Amma nazirlik sözçüsü zənglərimizə cavab vermədi.

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button