“Qarabağ” yenə “Şerif”lə qarşılaşacaq
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu, Moldovanın “Şerif” klubu olub.
Tiraspol təmsilçisi 1-ci təsnifat mərhələsində az öncə yekunlaşan görüşdə Lüksemburqun “Fola Eş” klubunu doğma meydanda 2:0 hesabıyla məğlub edərək buna nail olub.
Bununla da “Şerif” 3-cü dəfə “Qarabağ”la avrokuboklarda görüşəcək. Əvvəlki iki duel ardıcıl iki mövsüm – 2017/18 və 2018/19-da olub.
Ağdam təmsilçisi Moldova klubu ilə ilk dueli zamanı evdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 2:1 hesablı qələbə sayəsində ÇL-də ilk dəfə pley-offa yüksəlmişdi.
Bundan bir il sonra komandalar Avropa Liqasının pley-off mərhələsində rəqib olmuşdular. Tiraspolda 0:1 hesabıyla uduzan Qurban Qurbanovun komandası evdə bunun əvəzini böyükhesablı qələbəylə (3:0) çıxaraq Avroliqanın qrupuna düşmüşdü.
Qeyd edək ki, “Qarabağ”la “Şerif” avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Bu oyuna saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin