Azərbaycanın 3 boksçusu növbəti mərhələdə

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində 1/16 final mərhələsi başa çatıb.

Komanda.az xəbər verir ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha 3 üzvü mərhələ adlayıb. Belə ki, 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Elvin İsayev Keyşaun Davislə (ABŞ) qarşılaşıb. Görüş 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə təmsilçimizin xeyrinə bitib. İsayev 1/8 finalda avstriyalı Harrison Qarsidlə döyüşəcək. Görüş fevralın 16-da baş tutacaq.

Kamran Şahsuvarlının (75 kq) da debütü uğurlu alınıb. Olimpiya mükafatçımız polşalı Rişard Leviskidən güclü olub – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). Şahsuvarlı bu gün 1/8 finalda Fransisko Veronla (Argentina) üz-üzə gələcək.

Qadınlardan ibarət komandamızın üzvü Anaxanım Ağayeva (51 kq) isə adını 1/4 finala yazdırıb. Boksçumuz ilk görüşündə Veronika Nosviki (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (30:26, 28:29, 29:28, 29:28, 28:29). Ağayeva yarımfinala gedən yolda filippinli İriş Maqno ilə gücünü yoxlayacaq. Döyüş fevralın 17-nə təsadüf edəcək.

Yarışın ikinci günündə yığma üzvlərindən Sərxan Əliyev (60 kq) məğlubiyyətə üzülüb. O, Ankuş Dhaiyaya (Hindistan) 1:4 (28:29, 29:28, 28:29, 28:29, 28:29) hesabı ilə uduzub.

Turnirin üçüncü günü 7 boksçumuz rinqə çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button