“Baloqun məsələsi” İnfantinonun nüfuzunu sarsıdıb

FİFA prezidenti Canni İnfantinonun mövqeyi ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzası ilə bağlı qalmaqaldan sonra ciddi şəkildə zəifləyib.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, əvvəllər İnfantinonun yenidən FİFA prezidenti seçilməsini dəstəkləyən bir neçə ölkə artıq bu dəstəyi geri çəkmək imkanını nəzərdən keçirir.

Futbol rəsmiləri hesab edirlər ki, Baloqunun bir oyunluq diskvalifikasiyasının DÇ-2026-dan sonraya keçirilməsi matçın nəticəsinə təsir göstərə biləcək qərar olub. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İnfantino ilə şəxsən əlaqə saxladığını və futbolçunun qırmızı vərəqəsinin yenidən nəzərdən keçirilməsini xahiş etdiyini təsdiqləmişdi. FİFA “qırmızı”nı qüvvədə saxlayıb, ancaq Baloqunun bir oyunluq cəzasının icrasını təxirə salıb.

Almaniya, Niderland, Belçika, Norveç və İsveçrə FİFA-nın İntizam Komitəsinin bu qərarını sərt tənqid edib. Misir və Seneqal da İnfantinoya gələcək dəstəklərini davam etdirib-etdirməmək məsələsini müzakirə edir.

Buna baxmayaraq, 56 yaşlı funksionerin gələn il keçiriləcək seçkilərdə vəzifəsini qoruyacağı və qarşısına ciddi rəqib çıxmayacağı gözlənilir. Lakin onun FİFA daxilindəki nüfuzunun əhəmiyyətli dərəcədə zəiflədiyi bildirilir.

Mənbənin iddiasına görə, yaranmış qalmaqal fonunda İnfantinonun Klublararası dünya çempionatının daha da genişləndirilməsi və ya turnirin iki ildən bir keçirilməsi ideyasını reallaşdırması çətin görünür. Həmçinin, FİFA nizamnaməsinin dəyişdirilərək, ona 2031-ci ildən sonra yenidən prezidentliyə namizəd olmaq imkanı verilməsi də demək olar ki, mümkün hesab edilmir.

FİFA hələ də Baloqunun diskvalifikasiyası ilə bağlı yekun qərarı kimin qəbul etdiyini açıqlamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button