
“Kəpəz”in Bağırova borcu var? – “İnanmıram ki, Adil Vəliyev kiməsə borclu qala”
“Kəpəz”də baş məşqçi dəyişikliyindən sonra klub ətrafında müxtəlif iddialar səslənməkdə davam edir. Gəncə təmsilçisi ötən mövsümün sonunda Azər Bağırovla yollarını ayıraraq, komandaya Azər Məmmədovu gətirsə də, son günlər mətbuatda sabiq baş məşqçiyə ödənilməmiş borcun olduğu barədə xəbərlər yayılıb.
İddialara görə, klubun Azər Bağırova 10 min manatdan artıq borcu qalıb.
Məsələyə aydınlıq gətirmək üçün “Kəpəz”in keçmiş baş məşqçisi, yeni mövsümdən “Şamaxı”ını çalışdıracaq Bağırovla əlaqə saxladıq. Mütəxəssis məsələ ilə bağlı bunu dedi:
“Mən də bunu mətbuatdan oxudum. Mənə də maraqlı gəldi. Çünki belə məsələlər əslində konfidensial (gizli) olur.
Bir şeyi deyə bilərəm ki, mən klubun rəhbəri – bilmirəm, deyilənə görə yeni rəhbər təyin olunub – Adil Vəliyevdən çox-çox razıyam və çox yaxşı münasibətlərimiz var. İnanmıram ki, Adil Vəliyev kiməsə borclu qala. Çünki qısa bir vaxtda, tanıdığım dönəmdə çox müsbət enerji almışam, həmin şəxs haqqında çox müsbət fikirlərim formalaşıb. Ancaq bunu deyə bilərəm. “Kəpəz”in yeni rəhbərliyinə də yeni işlərində uğurlar arzulamaq istəyirəm. Xeyirli, bərəkətli olsun”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



